Efiopiyalı atlet Amsterdam marafonunda yeni rekord müəyyənləşdirib

19 Oktyabr 2026 09:47
129
Efiopiyalı atlet Amsterdam marafonunda yeni rekord müəyyənləşdirib

Niderlandın paytaxtında keçirilən Amsterdam marafonu qadınlar arasında yeni rekordla yadda qalıb.

İdman.Biz World Athletics-ə istinadən xəbər verir ki, efiopiyalı atlet Buze Diriba qadınların yarışında 2 saat 16 dəqiqə 12 saniyə nəticə göstərərək qalib olub.

O, həmyerlisi Yalemzerf Yehualavın 2024-cü ildə müəyyənləşdirdiyi tras rekordunu (2:16:52) 40 saniyə yaxşılaşdırıb. Diriba bununla yanaşı, 2:19:34 olan şəxsi rekordunu da əhəmiyyətli dərəcədə yeniləyib.

İkinci yeri yarışın son qalibi, Efiopiya təmsilçisi Aynalem Desta (2:17:06), üçüncü pilləni isə onun həmyerlisi Meseret Belete (2:18:06) tutub.

Kişilərin mübarizəsi də gərgin keçib. Efiopiyalı Lemi Berhanu marafon məsafəsini 2 saat 3 dəqiqə 33 saniyəyə qət edərək birinci olub. O, yarışın rekordunu yeniləməyə cəmi üç saniyə yaxınlaşıb.

Keniyalı Nikolas Kipkorir (2:03:39) ikinci, onun həmyerlisi Patrik Mosin (2:03:58) isə üçüncü yeri tutub.

Diqqətçəkən məqam odur ki, kişilərin yarışında səkkiz atlet marafon məsafəsini 2 saat 5 dəqiqədən az müddətə başa vurub. Marafon tarixində belə nəticə cəmi üçüncü dəfə qeydə alınıb.

Yarışın yağışlı hava şəraitində keçirilməsi qaliblərin nəticələrini daha da diqqətəlayiq edib.

İdman.Biz