Xankəndi - Bakı ultra marafonu: İlk mərhələ başa çatıb - FOTO - VİDEO - YENİLƏNİB

Xəbərlər
29 Fevral 2024 14:55
650
Xankəndi - Bakı ultra marafonu: İlk mərhələ başa çatıb - FOTO - VİDEO - YENİLƏNİB

Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası və Azərbaycan Atletika Federasiyası ilə birgə keçirdiyi Xankəndi - Bakı ultra marafonunun ilk mərhələsi yekunlaşıb.

İdman.bizin Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, atletlər ilk günü Yevlaxda yekunlaşdırıblar.

“Qürurla irəli” şüarı ilə təşkil edilən marafonun birinci mərhələsinin qalibi Elmir Əsgərov olub. O, 83 km məsafəni 6 saat 52 dəqiqəyə qət edib. İkinci yeri Ağa Əliyev tutduğu halda, Elman Abışov finiş xəttinə üçüncü çatıb.

Martın 4-dək davam edəcək yarışda iştirakçılar 380 km qət edərək finişə Bakıda çatacaqlar. İdmançılar növbəti günlərdə Yevlax - Ucar (84 km), Ucar - Hacıqabul (88 km), Hacıqabul - Qobustan (70 km) və Qobustan - Bakı (55 km) mərhələlərini keçməklə, paytaxta çatacaqlar.

Hər mərhələnin qalibləri ayrılıqda təltif ediləcəklər. Ultra marafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.

Qeyd edək ki, ultra marafonda ümumilikdə 64 idmançı mübarizə aparır. Onlar arasında Türkiyə, Meksika və Moldova təmsilçiləri də var.

-----

08:44

Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası və Azərbaycan Atletika Federasiyası ilə birgə keçirdiyi Xankəndi - Bakı ultra marafonunun açılış mərasimi olub.

İdman.bizin Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, yarış “İdman həftəsi” və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil edilib.

Mərasimdə Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, sektor müdiri Sevda Mirzəyeva iştirak ediblər.

Tədbirdə öncə Azərbaycan Respublikasının bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən Cavid Qurbanov yarış iştirakçılarına uğurlar arzulayıb və marafonun Xankəndidəm start götürməsini böyük şərəf adlandırıb: "Bütün bunlar şəhidlərimizin və qazilərimizin qanı hesabına, cənab Prezidentin güclü siyasəti nəticəsində ərsəyə gəlib. Bu, Azərbaycanda keçirilən ilk beynəlxalq yürüşdür. İştirakçılar buradan Bakıya doğru böyük yol qət edəcəklər. Qoy güclü qalib gəlsin”.

Elnur Məmmədov isə qeyd edib ki, “İdman həftəsi” çərçivəsində növbəti tədbirdə tarixi anları yaşayırıq: "Bu tarixi marafonu bizə yaşadan Ali Baş Komandan İlham Əliyevə öz təşəkkürlərimizi bildiririk. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. 380 km-dən sonra sizi Bakıda gözləyəcəyik”.

Rəsmi çıxışlardan sonra Dövlət Himni səsləndirilib. Daha sonra uıtra marafon yarışına start verilib.

64 iştirakçının qatıldığı marafonda Türkiyə, Meksika və Moldovadan olan atletlər də mübarizə aparırlar. Martın 4-dək davam edəcək yarışda iştirakçılar 380 km qət edərək finişə Bakıda çatacaqlar.

Qeyd edək ki, ultra marafon iştirakçıları Xankəndi - Yevlax (83 km), Yevlax - Ucar (84 km), Ucar - Hacıqabul (88 km), Hacıqabul - Qobustan (70 km) və Qobustan - Bakı (55 km) istiqamətində hərəkət edəcəklər.

Banuçiçək Hüseynli

İdman.biz

Məqalədə: