Nazim Babayev: “Olimpiya çempionundan heç bir aspektdə geri qalmıram” - VİDEO

Müsahibə
25 Yanvar 2024 17:33
151
Nazim Babayev: “Olimpiya çempionundan heç bir aspektdə geri qalmıram” - VİDEO

“Qalib gəlmək istədiklərim var. Amma ehtiyat etdiyim rəqib heç vaxt olmayıb”.

Bunu İdman.bizin studiyasının qonağı olan atletika üzrə Avropa çempionu, Azərbaycan millisinin lideri Nazim Babayev deyib.

26 yaşlı uzunluğa tullanan beynəlxalq arenadakı rəqiblərini dəyərləndirib. O bildirib ki, hər yarışda əsas hədəfi birinci olmaqdır: “Əgər kimdənsə ehtiyatlansan, yarışdan əvvəl uduzmuş sayılırsan. Kimsə üzərində qələbə qazanmaq mənə hər zaman motivasiya verib. Uzunluğa tullanmaya keçəndən bütün mümkün titulların sahibi - Olimpiya və dünya çempionu yunanıstanlı Miltiadis Tentoğlu əsas rəqibimdir. O, məndən 1 yaş balaca olsa da, motivasiya və örnək olacaq biridir. Sonuncu dəfə Yunanıstan millisi ilə təlim-məşq toplanışında iştirak etdik. Orda başa düşdüm ki, heç bir aspektdə ondan geri qalmıram. Müəyyən şeylərdə o məndən, digərlərində mən ondan üstünəm. Amma o bütün xüsusiyyətləri özündə cəmləyərək uğur qazanıb”.

Üçtəkanla tullanmada Avropa çempionu olan Babayev uzunluğa tullanmaya keçidindən də danışıb. Onun sözlərinə görə, çoxsaylı zədələr bu addımı atmağa vadar edib: “Üçtəkanla tullanmaq mənim üçün rahat idi. Tokio Olimpiadasına zədədən döndükdən 10 gün sonra yollandım və 13-cü oldum. Həmin ildən sonra 2 il müddətində - 2023-cü ilə qədər belimdən, topuqlarımdan saysız-hesabsız zədələr aldım. Bu məni üçtəkanla tullanmadan soyutdu. Son nöqtə İstanbulda keçirilən qış Avropa çempionatı oldu. Orda 5-ci yeri tutdum. Əslində, pis nəticə deyil. Amma Nazim olaraq daha yaxşısını edə biləcəyimi düşünürdüm. Sağlamlığım isə bunu etməyə imkan vermirdi. Bu yarışda belimdən olan ağrıdan ayaqlarımı hiss etmirdim. Nəticədə qərara gəldim ki, uzunluğa tullanmaya keçim”.

Emin Ağa

İdman.biz

Məqalədə: