Musab Məmmədtağıyev Avropa birinciliyinin ən yaxşı kişi idmançısı seçildi

27 Avqust 2026 20:38
117
Musab Məmmədtağıyev Avropa birinciliyinin ən yaxşı kişi idmançısı seçildi

Kosovonun paytaxtı Priştinada keçirilmiş Avropa birinciliyinin yekunlarına əsasən Azərbaycan millisinin üzvü Musab Məmmədtağıyev yarışın ən yaxşı kişi idmançısı adına layiq görülüb.

İdman.Biz xəbər verir ki, bu nəticə SİNCLAİR cədvəli əsasında aparılan hesablamalara görə müəyyənləşib.

Musab Məmmədtağıyev göstəricisinə görə birincilikdə iştirak edən bütün kişi atletləri qabaqlayıb. Azərbaycan təmsilçisi ən yaxın izləyicisi, Ermənistan idmançısı Tiqran Avetisyanı 18 əmsal üstələyib.

Qeyd edək ki, Musab Məmmədtağıyev 70 kq çəki dərəcəsində keçirilən yarışda birdənqaldırma, təkanla qaldırma və toplam nəticədə qızıl medal qazanaraq üçqat Avropa çempionu olub.

Azərbaycan millisinin oğlanlardan ibarət komandası da turnirin yekun sıralamasında yüksək nəticə göstərib. Yığmamız qazanılan medalların sayı və əyarına görə 24 komanda arasında 5-ci yeri tutub.

Komanda hesabında Azərbaycan Ermənistanı da qabaqlayıb.

İlk 6-lıq belə olub:

Gürcüstan
Rusiya
Türkiyə
Bolqarıstan
Azərbaycan
Ermənistan

İdman.Biz