“Dünən Azərbaycanda ilk dəfə keçirilən 42 kilometrlik qaçış - “Bakı marafonu-2026” - xalqımız üçün əlamətdar hadisə olub”.
Bu barədə İdman.Biz-ə açıqlamasında 55 yaşlı marafonçu, Azərbaycan Atletika Federasiyasının “Hamı üçün qaçış” komitəsinin sədr müavini Elşən Quliyev bildirib.
O, adətən marafonların təşkilində iştirak etsə də, bu dəfə iki ildən sonra yenidən yarışçı kimi çıxış edib.
“Qaçmaq mənim üçün azadlıqdır. Belə bir idman bayramının bir hissəsi olmaqdan məmnun oldum. Bu, müstəqillik əldə olunduqdan 35 il sonra atılmış, bir qədər gecikmiş, lakin ciddi və tarixi bir addımdır”.
Elşən Quliyev ümid edir ki, bu, yalnız başlanğıcdır və gələcəkdə belə qaçışların sayı daha da artacaq. Onun fikrincə, növbəti marafonlarda Beynəlxalq Atletika qaydalarına riayət olunması daha çox xarici iştirakçını cəlb edə bilər.
“Düşünürəm ki, gələcəkdə marafonların altı saatdan artıq davam etməsinə ehtiyac yoxdur, qaliblər dörd saat ərzində müəyyənləşdirilməlidir. Həmçinin yaxşı olar ki, qeydiyyat zamanı iştirakçılar neçə kilometr qaçacaqlarını dəqiq göstərsinlər ki, onları qruplara bölmək mümkün olsun. Bundan başqa, qida doğranmış şəkildə, su isə plastik stəkanlarda təqdim olunsa yaxşı olar. Əlbəttə, marşrut boyu kifayət qədər zibil qutusu da olmalıdır. Biz marafonlarımızı daha da təkmilləşdirə və onları Beynəlxalq Atletika təqviminə daxil etdirə bilərik ki, digər ölkələrin idmançıları da bu yarışlardan xəbərdar olsunlar”, - deyə o, fikrini yekunlaşdırıb.

