Azərbaycanın ağır atletika millisi Batumidə keçirilən Avropa çempionatında çıxışını bir kiçik gümüş medalla başa vurub. Bu mükafatı təkanla qaldırmada İsa Rüstəmov (71 kq) qazanıb.
Turnirin yekunlarını İdman.Biz-ə müsahibəsində komandanın baş məşqçisi Sərdar Həsənov şərh edib.
- Komandanın nəticələrini necə qiymətləndirirsiniz? Hansı idmançılar ümidləri doğrultdu, kimlər isə məyus etdi?
- Federasiya rəhbərliyi hazırlıq üçün bütün şəraiti yaradıb, bu baxımdan problemimiz olmayıb. İsa Rüstəmov ardıcıl ikinci ildir ki, Avropa çempionatında gümüş qazanır - biz ondan bu nəticəni gözləyirdik. Tehran Məmmədov və Əli Şükürlü B qrupunda çıxış edirdilər; onların yeni çəki dərəcələrinə uyğunlaşması üçün zamana ehtiyac var. Bunu da anlayırdıq.
Amma Ravin Alməmmədovun zədəsi həqiqətən bütün planlarımızı pozdu. O, öz çəkisində ən gənc atlet olsa da, bizim əsas qızıl medal ümidimiz idi. Təəssüf ki, ağır atletikada zədələrdən heç kim sığortalanmayıb. Hazırda Ravin həkimlərin nəzarəti altındadır və biz onun tezliklə sağalaraq sıraya qayıtmasını gözləyirik.
- Belə təəssürat yarandı ki, Rüstəmov təkanla qaldırmada uğursuzluq olmasaydı, iki hərəkətin cəmində də medal uğrunda mübarizə apara bilərdi.
- Bilirsiniz, məşqdə qaldırdığın çəkini hər zaman yarışda təkrarlamaq olmur. Yarış rejimində cəmi altı cəhdiniz olur. Maksimal çəkilər sifariş ediləndə hər şeyi ideal yerinə yetirmək çox çətindir - idman növümüzün özəlliyi də məhz budur.
- Böyük yarışlara hazırlıqda əsas diqqət nəyə yönəlir: psixologiyaya, fiziki hazırlığa, yoxsa sərt pəhrizə?
- Bu komponentlərin hamısı kompleks şəkildə vacibdir. Qidalanma, vitaminləşmə və məşq prosesi bizdə yüksək səviyyədə idi. Yenə deyirəm, Ravinin zədəsi olmasaydı, Gürcüstandan daha yaxşı nəticələrlə qayıdardıq.
- Oktyabrda Çində keçiriləcək dünya çempionatı ilə bağlı komandanın perspektivləri necədir?
- Turnirə optimal formada yaxınlaşmağı planlaşdırırıq. Orada rəqabət qitə çempionatından dəfələrlə daha sərt olacaq. Konkret gözləntilər barədə yalnız yekun heyət müəyyənləşəndən sonra danışmaq olar. Hazırda proqnoz vermək hələ tezdir.
