Kros qaçışı üzrə ölkə çempionu olan Bəxtiyar Əsgərlinin əsas hədəfi Azərbaycan rekordunu yeniləməkdir.
Bərdədən olan atlet Azərbaycan çempionatında qazandığı qələbə və hədəfləri barədə danışıb.
“Hər şey əla idi, əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Güclü rəqiblərim var idi, lakin daha çox çalışmağım qalib gəlməyimdə həlledici rol oynadı. Əsas hədəfim Azərbaycan rekordunu yeniləməkdir. Çünki bu, ən çətin məqsədlərdən biridir. İyul və avqust aylarında Balkan çempionatı, həmçinin bəzi xatirə turnirləri gözlənilir”, - deyə o, report.az-a açıqlamasında deyib.
İdmançı bölgələrdə atletikanın inkişafı üçün infrastrukturun vacibliyini vurğulayıb:
“Atletlərin çoxu bölgələrdən çıxır, ona görə də orada diqqət artırılsa, daha yaxşı olar. Əsasən dairəvi qaçış zolağı olan stadionlar çatışmır. Belə yerlər olsa, uşaqlar ora daha çox cəlb olunarlar. Hazırda yer olmadığı üçün maraq da azdır”.
Qeyd edək ki, B.Əsgərli Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə keçirilən ölkə çempionatında 10 km məsafəyə kros qaçışı üzrə birinci yeri tutub.
