17 yaşlı dünya çempionumuz: “İnamım sayəsində titul qazandım” - MÜSAHİBƏ

Müsahibə
4 Dekabr 2023 13:02
627
17 yaşlı dünya çempionumuz: “İnamım sayəsində titul qazandım” - MÜSAHİBƏ

Güləş üzrə hərbçilər arasında dünya çempionu Ruzanna Məmmədovanın (59 kq) İdman.biz saytına müsahibəsi

- Bakıda keçirilən dünya çempionatında 17 yaşınızın olmasına baxmayaraq, adınızdan söz etdirə bildiz. Qızıl medala gedən yolu necə dəyərləndirərdiz?

- Dünya çempionatındakı çıxışım məni qane etdi. Hərbçilər arasında böyüklərin dünya çempionatı olduğu üçün rəqiblərim məndən çox təcrübəliydi. 3 görüş keçirdim, Monqolustan, Rumıniya və Belarusdan olan idmançılara qalib gəldim. Ən çətin qarşılaşmam rumına qarşı keçdi. Hətta buna erkən final da deyərdim. 0:3 hesabı ilə geridə olmağıma baxmayaraq, sona qədər mübarizə aparıb əzmkar qələbə qazandım. Belarus idmançısı ilə güləşməyə hazırlaşanda rahat idim və qələbə qazanacağımı bilirdim. Məsuliyyət də var idi. İnamım sayəsində qalib gəldim.

- Onda yarışdan əvvəl formada olmaqla yanaşı, çempionluğa psixoloji cəhətdən də hazır idiz?

- Bəli. Yarışdan öncə 3 həftəlik təlim-məşq toplanışına qatıldıq. Ağır məşqlərimiz oldu. Yalnız çempionluğa fokuslanmışdım. Çünki vətənimizdə də bayrağımızla xalçada dövrə vurmaq istəyirdim. Şükürlər olsun ki, istədiyimə nail oldum.

- 17 yaşından qazandığın uğurun xüsusi sirri var?

- Məşqçilərim Solmaz Adilova və Toğrul Əsgərov hər zaman məni dəstəkləyir, özüməinam yaradır, həmçinin düzgün məşq, rejim aşılayır. Buna görə onlara təşəkkür edirəm. Bir çox idmançı yaxşı məşq etsə də, rejimə fikir vermir. Bu, məğlubiyyətin səbəblərindən biridir. İdmançı üçün ən əsası yuxu və qida rejimidir. Mən də buna tam riayət edirəm.

- Qarşıda güləşçilərimizi daha ciddi sınaq gözləyir. Paris-2024 Yay Olimpiya Oyunlarında sizlərdən gözləntilər böyükdür. Çəkinizi 57 kq-a salıb, lisenziya turnirlərində çıxış etməyi planlaşdırırsız?

- İndiyə qədər 8 çəki dərəcəsində güləşmişəm. Demək olar ki, çox çəkini sınamışam və hamısında da uğurlu çıxış etmişəm. Hətta gələcəkdə 76 kq-da güləşdiyimi görsəz, təəccüblənməyin (gülür). Lisenziya yarışlarına qatılmağımla bağlı qərarı isə məşqçilər korpusu verəcək. Hansı çəkidə güləşməyimi istəsələr, buna hörmətlər yanaşacam. Əsas məqsədim də Olimpiadaya lisenziya qazanmaqdır.

- Qonaqlar yarışın təşkilatçılığından razılıq ifadə ediblər. Siz bu barədə nə deyə bilərsiz?

- Həqiqətən, yarış çox yüksək səviyyədə və gərgin mübarizə şəraitində keçdi. Buna görə Dövlət Sərhəd Xidmətinin rəhbərliyinə, Abbas Xəlilova, Firdovsi Umudova, Gənclər və İdman Nazirliyinə dərin minnətdarlığımı bildirirəm.

Emin Ağa
İdman.biz