Dirk Şvede: “Bakıdakı dünya çempionatında həm dostluq, həm də rəqabətin olacağına əminəm”

Xəbərlər
28 Noyabr 2023 16:30
259
Dirk Şvede: “Bakıdakı dünya çempionatında həm dostluq, həm də rəqabətin olacağına əminəm”

“Əminik ki, gələcək zamanlarda da bizim dostluq münasibətlərimiz davam etdiriləcək”.

İdman.biz xəbər verir ki, bunu Beynəlxalq Hərbi İdman Şurasının Avropa üzrə vitse-prezidenti Dirk Şvede güləş üzrə dünya çempionatı ilə bağlı mətbuat konfransında deyib.

O, Azərbaycanda hər şeyin nə dərəcədə inkişaf etdiyinin şahidi olduğunu bildirib: “Təşkilatçılığı yüksək qiymətləndirirəm. Bu bizim üçün vacib amildir. Hərbiçilər arasında keçiriləcək güləş üzrə 36-cı dünya çempionatda iştirak edəcək idmançılar yüksək şəkildə mübarizə aparacaq. Burada həm dostluq, həm də rəqabətin olacağına əminəm”.

Onun sözlərinə görə, beynəlxalq idman yarışlarında qadağalara baxmayaraq, Bakıda hərbçilər arasında keçiriləcək dünya çempionatında rusiyalı güləşçilər qalib gələcəkləri halda, himnləri səsləndiriləcək.

Yarışın Təşkilat Komitəsinin üzvü polkovnik Elşən Mirzəyev yarış iştirakçılarına uğurlar arzulayıb. O qeyd edib ki, yarışın təşkili üçün dövlətimiz tərəfindən bütün işlər yüksək səviyyədə görülüb.

Mirzəyev yarışda iştirak edəcək Azərbaycan güləşçilərinin də uğurlu nəticə qazanacaqlarına inam ifadə edib.

Qeyd edək ki, “İdmanla Dostluq” devizi altında təşkil olunacaq mundial noyabrın 29-dan dekabrın 3-dək davam edəcək.

Banuçiçək Hüseynli

İdman.biz