“Olimpiya lisenziyası qazanmaq istəyirəm” - güləşçimiz Ruslan Nurullayevin İDMAN.BİZ-ə AÇIQLAMASI - FOTO

17 Oktyabr 2026 15:28
130
“Olimpiya lisenziyası qazanmaq istəyirəm” - güləşçimiz Ruslan Nurullayevin İDMAN.BİZ-ə AÇIQLAMASI

ABŞ-nin Las-Veqas şəhərində keçirilən güləş üzrə U23 dünya çempionatında üçüncü yeri tutan idmançımız Ruslan Nurullayev (77 kq) yarışa hazırlıq prosesi və qızıl medal qazanmasına mane olan səhvlərdən danışıb.

İdman.Biz-ə açıqlamasında yunan-Roma güləşçimiz yeni çəki dərəcəsinə keçdiyini və dünya çempionatına uzun müddətdir hazırlaşdığını bildirib.

"Bu yarışa yaxşı hazırlaşmışdım, qızıl medal üçün yollanmışdım. Bəzi kiçik səhvlər oldu və ilk görüşümdə məğlub oldum. Ancaq növbəti görüşlərdə qalib gələrək bürünc medal qazandım. Həmin səhvlər olmasaydı, çempion ola bilərdim. Onları düzəltmək üçün hələ də vaxt var. Yeni çəki mənim üçün daha yaxşı olacaq. Buna inanıram. Gələn il sonuncu dəfə U23 dünya çempionatında iştirak edə bilərəm. Belə bir şans olsa, titul qazanmaq üçün əlimdən gələni edəcəyəm”, – deyə o vurğulayıb.

Nurullayev daha əvvəl 72 kq çəki dərəcəsində çıxış etsə də, hazırda olimpiya çəki dərəcəsi olan 77 kq-da mübarizə aparır. Güləşçinin sözlərinə görə, bu dəyişiklik gələcək hədəfləri ilə əlaqədardır:

“Çəki dərəcəmi dəyişdim. Çünki qarşıdan olimpiya ili yaxınlaşır. Reytinq turnirləri gələn ildən lisenziya xalları verəcək. Hər bir idmançı kimi, mən də Olimpiadada çıxış etmək istəyirəm. Ona görə məşqçilərimizlə məsləhətləşib, 77 kq çəki dərəcəsinə keçdim. Mən deyərdim ki, U23 dünya çempionatında mənim çəkimdə rəqabət böyüklərin dünya çempionatından fərqlənmir. Rəqiblərim böyüklər arasında beynəlxalq arenada da sözünü demiş güləşçilər idi. Şükür Allaha, əli boş qayıtmadım. İndi bundan sonra yeni ilə fokuslanıb yeni nəticələr qazanmağa çalışacağıq. İlk əsas hədəfim Olimpiya Oyunlarına lisenziya qazanmaqdır”.

İdman.Biz