Dünya çempionatı: Xetaq Karsanov dörddəbir finalda, dörd güləşçimiz məğlub oldu - YENİLƏNİR

17 Oktyabr 2026 01:14
101
Dünya çempionatı: Xetaq Karsanov dörddəbir finalda, dörd güləşçimiz məğlub oldu

ABŞ-nin Las-Veqas şəhərində keçirilən 23 yaşadək güləşçilər arasında dünya çempionatında Azərbaycanın sərbəst güləşçiləri mübarizəyə qoşulublar.

İdman.Biz xəbər verir ki, yarışın beşinci günündə beş təmsilçimiz xalça üzərinə çıxıb.

125 kq çəki dərəcəsində mübarizə aparan Xetaq Karsanov yaponiyalı Toyoki Hamadanı 10:0 hesabı ilə məğlub edərək dörddəbir finala yüksəlib.

86 kq-da çıxış edən Səbuhi Əmiraslanov ilk görüşündə qırğızıstanlı Visxan Adayevə 8:3 hesabı ilə qalib gəlsə də, səkkizdəbir finalda rusiyalı Arsen Balayana 1:9 hesabı ilə uduzub.

61 kq-da Ceyhun Allahverdiyev səkkizdəbir finalda türkiyəli Tolqa Özbəylə görüşdə 7:7 hesablı bərabərliyə baxmayaraq, xalların keyfiyyətinə görə məğlub olub.

74 kq-da Ağanəzər Novruzov təsnifat mərhələsində hindistanlı Adarş Patilə 6:8, 92 kq-da Anar Cəfərli isə səkkizdəbir finalda rusiyalı Arslan Baqayevə 0:10 hesabı ilə uduzub.

Hazırda Azərbaycanın aktivində üç medal var. Elmir Əliyev (60 kq) və Günay Qurbanova (59 kq) gümüş, Ruslan Nurullayev (77 kq) isə bürünc medal qazanıblar.

Dünya çempionatı oktyabrın 18-də başa çatacaq.

İdman.Biz