Cəbrayıl Həsənov: “Onlar gələcəkdə özlərindən söz etdirəcəklər”

Xəbərlər
6 Oktyabr 2023 13:49
148
Cəbrayıl Həsənov: “Onlar gələcəkdə özlərindən söz etdirəcəklər”

“Vladiqafqazda təlim-məşq toplanışına start vermişik. Hazırda əhval-ruhiyyə çox yaxşıdır. Komandada iddialı idmançılarımız çoxdur. Onlar arasında dünya və Avropa çempionları da var. Ümidlərimiz böyükdür. Yarışda yaxşı iştirak etmək üçün əlimizdən gələni edəcəyik”.

Bunu İdman.biz saytına sərbəst güləş üzrə Azərbaycan millisinin böyük məşqçisi Cəbrayıl Həsənov deyib.

Yığma 23 yaşadək güləşçilərin dünya çempionatına hazırlığı davam etdirir. Rusiyanın Vladiqafqaz şəhərində toplanışda əsas hədəf komandanın son vəziyyəti ilə tanış olmaqdır. Həsənovun sözlərinə görə, mundail əvvəlkilərdən daha çətin keçəcək: “Son dünya çempionatında Bəhreyndən də çempionun olduğunu gördük. Artıq hər ölkədə rusiyalı güləşçiləri görmək mümkündür. Amma Tiranadakı yarışda ən ciddi rəqiblər təbii ki, Rusiya və ABŞ-dır”.

Olimpiya mükafatçısı U-23-də olan güləşçilərin gələcəyinə nikbin baxır. O bildirib ki, hazırda bu komanda yer alanlar tezliklə əsas yığmada da öz sözlərini deyəcəklər: “Perspektivli gənclərimiz çoxdur. Bunlara Zirəddin Bayramov, Əşrəf Aşurov, Kənan Heybətov, Cəbrayıl Qacıyev, Ruslan Abdullayevi misal göstərə bilərəm. Bu adların gələcəkdə beynəlxalq yarışlarda özlərindən söz etdirəcəklərinə inanıram”.

Qeyd edək ki, U-23 dünya çempionatı oktyabrın 23-dən 29-a qədər Albaniyanın paytaxtı Tiranada keçiriləcək.

Emin Ağa

İdman.biz