Hacı Əliyev ABŞ-nin peşəkar liqasında ikinci görüşünə çıxacaq

18 Sentyabr 2026 11:24
122
Hacı Əliyev ABŞ-nin peşəkar liqasında ikinci görüşünə çıxacaq

Azərbaycanın tanınmış sərbəst güləşçisi Hacı Əliyev cümədən şənbəyə keçən gecə "Real American Freestyle" (RAF) peşəkar liqasında ikinci görüşünü keçirəcək.

İdman.Biz xəbər verir ki, Olimpiya Oyunlarının, dünya və Avropa çempionatlarının dəfələrlə mükafatçısı RAF 13 turnirində mübarizə aparacaq. Yarış ABŞ-nin Mayami şəhərində keçiriləcək.

35 yaşlı güləşçinin yüngül çəkidə rəqibi ABŞ-li Cakori Timer olacaq. 26 yaşlı idmançı ABŞ-nin tələbələr arasında keçirilən yarışlarında dördqat “All-American” tituluna sahibdir. O, 2024-cü ildə NCAA çempionatının finalına yüksəlib, həmçinin Pac-12 konfransının çempionatında dörd dəfə qalib olub. Timer üçün qarşıdakı görüş RAF-da debüt olacaq.

Hacı Əliyev isə təşkilatda ikinci görüşünə çıxacaq. Onun debütü iyunun 13-də Sent-Luisdə keçirilən RAF 10 turnirində baş tutub. Həmin qarşılaşmada azərbaycanlı güləşçi Puerto-Rikonu təmsil edən Sebastyan Riveraya 5:9 hesabı ilə uduzub.

Qeyd edək ki, beynəlxalq səviyyədə sərbəst güləş üzrə çıxışını başa vurduqdan sonra Hacı Əliyev məşqçi kimi fəaliyyətini davam etdirib. O, 2026-cı ilin iyununda Azərbaycanın U-17 sərbəst güləş üzrə yığmasının baş məşqçisi təyin olunub.

RAF 13 turnirinin əsas görüşündə keçmiş UFC döyüşçüləri Kolbi Kovinqton və Belal Məhəmməd üz-üzə gələcəklər. Kovinqton RAF-ın krossover divizionunda çempionluq kəmərini qoruyacaq.

Gecənin ikinci əsas görüşündə isə Həmzət Çimayev və Gilbert Börns qarşılaşacaqlar. Onlar daha əvvəl 2022-ci ildə UFC 273 turnirində MMA qaydaları üzrə üz-üzə gəliblər. Həmin döyüşdə Çimayev hakimlərin yekdil qərarı ilə qalib gəlib.

RAF 13 turniri Mayamidəki "Watsco Center" arenasında keçiriləcək. Yarış Bakı vaxtı ilə sentyabrın 19-da saat 04:00-da başlayacaq.

İdman.Biz
Məqalədə: