Azərbaycan yunan-Roma güləşində tarix yazdı – DÇ-də sonuncu günün nəticələri

Təhlil
25 Sentyabr 2023 12:49
139
Azərbaycan yunan-Roma güləşində tarix yazdı – DÇ-də sonuncu günün nəticələri

Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə dünya çempionatı başa çatıb.

İdman.biz xəbər verir ki, mundialın son günündə yunan-Roma növündə daha 3 çəki dərəcəsində qaliblər müəyyənləşib.

63 kq çəki dərəcəsinin finalında Azərbaycan güləşçisi Murad Məmmədovla gürcüstanlı Leri Abuladze üz-üzə gəlib. 2 qat Avropa və son dünya çempionatlarının gümüş mükafatçısı olan Leri 3-cü cəhdindən qızıl medala sahib çıxıb. Bu, Muradı Oslodakı mundialda qazandığı bürünc medaldan sonra ən yaxşı nəticə olub.

Bu növdə ən böyük ümidlərimizdən olan Həsrət Cəfərov isə 67 kq çəki dərəcəsində finala yüksəlməyi bacarıb. Onun rəqibi güclü Kuba güləşçisi Luis Alberto olub. Həsrət Tokio-2020-nin qalibinə ciddi müqavimət göstərsə də, 3:4 hesabı ilə uduzub. Bu, Albertonun dünya çempionatında ilk medalı olub.

87 kq çəki dərəcəsinin finalında isə Türkiyə və Macarıstan güləşçiləri qarşılaşıblar. Əli Çingizin rəqibi David Losonczi olub. Öən mundialın bürünc mükafatçılarının duelində “ay-ulduzlu” yığmanın üzvü 8:7 hesabı ilə qalib gələrək, Türkiyəyə mundialda 2-ci qızıl medalları qazandırıb.

Beləliklə, yunan-Roma güləşi üzrə yarışlara və mundiala yekun vurulub. Azərbaycan üçün qürurlu anlarla yadda qalan bu növdə yekunda da tarixi nəticə qeydə alınıb. “Klassiklərimiz” tarixdə ilk dəfə mundialı birinci sırada yekunlaşdırıblar. Azərbaycan 120 xalla ilk pillənin sahibi olub. İran 102 xalla 2-ci, Türkiyə isə 93 xalla 3-cü olub.

Ümumi medal sıralamasını isə Yaponiya lider olaraq tamamlayıb. “Gündoğan ölkə” təmsilçiləri 6 qızıl, 3 gümüş və 3 bürünc medalla 1-ci olublar. 4 qızıl, 3 gümüş və 7 bürünclə ABŞ 2-ci sırada yer alıb. Qırğızıstan 3 qızıl, 1 gümüş və 1 bürünc medal ilə 3-cü olub. İlk “dördlüy”ü Azərbaycan qapayıb - 2 qızıl, 5 gümüş medal.

Emin Ağa

İdman.biz