Qadın güləşçilərdən 1 gümüş, 3 bürünc

Xəbərlər
28 İyun 2024 21:19
237
Qadın güləşçilərdən 1 gümüş, 3 bürünc

Serbiyanın Novi Sad şəhərində keçirilən güləş üzrə U-17 Avropa çempionatında qadınların mübarizəsinə yekun vurulub.

İdman.biz xəbər verir ki, Azərbaycan 4 güləşçisi günü medalla başa vurub.

Finalda yarışan Fatimə Bayramova (53 kq) qızıl qazanmaq şansını əldən verib. O, həlledici qarşılaşmada Olesya Malaxovaya (AİN) 0:6 hesabı ilə uduzub.

Nəzrin Əhmədli (40 kq) bürünc uğrunda Zuzanna Ptakla (Polşa) görüşüb. Təmsilçimiz tam üstünlüklə qalib gələrək, fəxri kürsüdə yer alıb.

Günay Qurbanova (61 kq) da bürünc qazanmaq şansını qaçırmayıb. Güləşçimiz moldovalı Qabriela Rudoyla görüşdə çətinlik çəkməyib - 6:1.

Zəhra Kərimzadə (69 kq) isə yığmamızın hesabına 3-cü bürüncü yazdırıb. O, slovakiyalı Mixaela Seboekovanı asanlıqla məğlub edib. Görüş 9:2 hesabı ilə yekunlaşıb.

Bununla da qadın güləşçilərdən ibarət Azərbaycan yığması Avropa çempionatını 1 gümüş, 3 bürünclə başa vurub.

Qeyd edək ki, qadınlar çempionatın ilk günündə medal qazana bilməmişdilər.

İdman.biz