Qadın güləşində mübarizə yekunlaşıb - DÇ-də günün nəticələri

Xəbərlər
22 Sentyabr 2023 11:05
128
Qadın güləşində mübarizə yekunlaşıb - DÇ-də günün nəticələri

Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, mundialın 6-cı günündə qadın güləşçilərin mübarizəsinə yekun vurulub.

Daha 4 çəkidə qaliblər müəyyənləşib. Ötən gün olduğu kimi, bu dəfə Yaponiya idmançılarının hegemonluğu olmayıb. Baxmayaraq ki, 53 kq çəki dərəcəsində məhz “Gündoğan ölkə” təmsilçiləri qalib gəliblər. Finalda 19 yaşlı yaponiyalı Akari Fujinami neytral atlet kimi çıxış edən təcrübəli belaruslu rəqibi Vanessa Kolodinskaya ilə üz-üzə gəlib. Görüş gözlənilməz məcrada keçib. Akari Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, 2 qat dünya çempionu Vanessanı asanlıqla məğlub edib - 10:0. Bu, Fujinaminin 2-ci dünya çempionluğu olub. O, 17 yaşı olarkən Osloda keçirilən mundialdakı uğurunu təkrarlayıb. Akanjinin gənc və perspektivli olması onu göstərir ki, bu çəkidə hələ uzun müddət Yaponiyanın liderliyi davam edəcək.

Yaponiya qadın idmançılarının bu mundialda finalda uduzduğu ilk və son çəki dərəcəsi 62 kq çəkidə olub. Qırğızıstanlı Aysuluu Tınıbekova Motoki Sakuranı məğlub edərək bunu bacarıb. O, rəqibini 4:1 hesabı ilə üstələyib. Aysuluu bununla da 3-cü dünya çempionluğunu qazanıb. Bu, həm də mundialda Qırğızıstanın ilk qızıl medalı olub.

68 kq çəki dərəcəsinin finalında isə Türkiyəli Buse Tosunla monqolustanlı Enkhsaikhan Delqermaa qarşılaşıb. Buna qədər dünya çempionatlarında 2 bürünc medalı olan qardaş ölkə təmsilçisi mundiallarda ilk qızıl medalına sahib çıxıb. Bu, Türkiyənin qazandığı ilk qızıl medal olub.

Ötən gecə son olaraq 72 kq çəki dərəcəsində medalçılar bəlli olublar. Final görüşündə ABŞ güləşçisi Emit Elorun rəqibi daha bir Monqolustan təmsilçisi Davanasan Enh Amar olub. Elor ötən il olduğu kimi, bu il də fəxri kürsünün ən yüksək pilləsində yer almağı bacarıb. Bu amerikalı qadın güləşçilərin bu mundialda qazandığı ilk qızıl medal olub.

Beləliklə, qadın güləşi üzrə mübarizələrə yekun vurulub. Bu növdə Yaponiya 195 xalla 1-ci, ABŞ 135 xalla ikinci olub. İlk “üçlüy”ü 80 xalla Monqolustan tamamlayıb.

Bu gün yunan-Roma güləşində ilk qaliblər müəyyənləşəcək.

Medal sıralamasına əvvəlki kimi Yaponiya başçılıq edir. Asiyalıların aktivində 6 qızıl, 2 gümüş və 2 bürünc medal var. ABŞ 4 qızıl, 3 gümüş, 7 bürünc medalla 2-cidir. İlk “üçlüy”ü 2 qızıl, 2 gümüş və 1 bürünc medalla neytral komanda qapayır.

Emin Ağa

İdman.biz