Eldəniz Əzizli: “Gümüş və bürünc medalı uğursuzluq hesab edirəm”

Müsahibə
10 İyun 2024 14:32
495
Eldəniz Əzizli: “Gümüş və bürünc medalı uğursuzluq hesab edirəm”

“Bu yarışda iki əsas rəqibim var idi”.

Bunu İdman.bizə Azərbaycan millisinin yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) deyib.

O, Macarıstanın paytaxtı Budapeştə keçirilən reytinq turnirindəki çempionluğunu şərh edib. Əzizli bildirib ki, gürcü və iranlı pəhləvanlarla dəfələrlə qarşılaşıb: “Çox zaman hər ikisi ilə görüşüm çətin keçib. Bu səbəbdən uzun fasilədən sonra onlarla güləşmək mənim üçün yoxlama kimi idi. Çünki bu, dünya çempionatında hansı formada çıxacağımın göstəricisi idi. Sevindirici hal odur ki, müəyyən müddətdən sonra qatıldığım yarışda qalib oldum. Birinci görüşüm çətin keçdi. Neçə aydır yarışlara qatılmıram, təbii ki, bu da güləşdiyim zaman öz təsirini göstərirdi”.

3 qat dünya çempionu hər zaman yarışlara yalnız çempionluq üçün yollandığını da deyib: “Gümüş və bürünc medalı uğursuzluq hesab edirəm. Ona görə iştirak etdiyim turnirlərdə qızıl qazanmaq istəyirəm. Oktyabrda dünya çempionatı olacaq. Burada da əsas məqsədim qalib gəlməkdir. Bu cür yarışlarda əldə olunan uğur isə hər bir idmançıya əlavə motivasiya verir”.

Qeyd edək ki, Əzizli Budapeştdə ilk mərhələdə iranlı Puya Dad Marzanı 6:1, ikinci görüşdə isə gürcüstanlı Nuqzari Tsurtsumianı tam üstünlüklə məğlub edib (8:0). O, həlledici görüşdə isə Marat Qaribova (Braziliya) 9:0 hesabı ilə qalib gəlib.

Banuçiçək Hüseynli
İdman.biz