Murad Məmmədov: “Olimpiadada qızıl qazanmaq çətin olacaq”

Müsahibə
10 İyun 2024 10:23
435
Murad Məmmədov: “Olimpiadada qızıl qazanmaq çətin olacaq”

“Turnirdəki çıxışımı yüksək qiymətləndirirəm”.

Bunu İdman.bizə Azərbaycan millisinin yunan-Roma güləşçisi Murad Məmmədov (63 kq) deyib.

O, Macarıstanın paytaxtı Budapeştə keçirilən reytinq turnirindəki çempionluğunu şərh edib. Məmmədovun sözlərinə görə, yarışdakı hər üç görüşü çox yaxşı keçib: “Yarışa yollananda çempion olacağıma inanırdım. Çünki turnirə yaxşı hazırlaşmışdım. Ümumilikdə bütün yarışlara məsuliyyətli yanaşıram. Əsas məqsədim də Olimpiadada qızıl medala sahib olmaqdır. Sevinirəm ki, Macarıstanda istəyimə çatdım”.

Avropa çempionu bildirib ki, Paris-2024 Yay Olimpiya Oyunları öncəsi fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq ona motivasiya verir: “Bu, düzgün məşqlərin göstəricisidir. Belə davam edərək Olimpiadaya hazırlaşacam. Zədəsiz Parisə yollanıb, istəyimizə nail olarıq. Qarşıda bizi Göygöldə 14 günlük təlim-məşq toplanışı gözləyir. Olimpiadada qızıl medal qazanmaq çətin olacaq. Amma mən gücümə inanıram. Çox əziyyət çəkirəm. İnanıram ki, bunlar yerdə qalmayacaq. Rahatam”.

Qeyd edək ki, Paris-2023 Yay Olimpiya Oyunlarının lisenziyaçısı 1/4 finalda yerli Levente Totha 11:0 hesabı ilə qalib gəlib. O, daha sonra iranlı Meysam Dalkhaniyə (10:1) qalib gələrək finala yüksəlib. Güləşçimizin həlledici görüşdə isə moldovalı Viktor Çobanudan güclü olub – 10:0.

Banuçiçək Hüseynli
İdman.biz