Xetaq Qazyumov: “Allaha dua edəcəyik ki, bizə uğur göndərsin” - MÜSAHİBƏ

Müsahibə
27 May 2024 19:55
911
Xetaq Qazyumov: “Allaha dua edəcəyik ki, bizə uğur göndərsin” - MÜSAHİBƏ

Azərbaycanın sərbəst güləş üzrə millisinin baş məşqçisi Xetaq Qazyumovun İdman.bizə müsahibəsi

- Sərbəst güləş yığmamız Bakıda keçirilən U-23 Avropa çempionatında 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanaraq komanda hesabında 1-ci yeri tutub. Millimizin çıxışından tam razı qaldız?

- Avropa çempionatındakı rəqabəti nəzərə alsaq, güləşçilərimizin çıxışını uğurlu hesab edirəm. Bizim əsas rəqibimiz olan Rusiya yığmasının heyətinin 50 faizi böyüklərdən ibarət əsas komandanın üzvləri idi. Üstəlik, Azərbaycan yığması komanda hesabında qalib oldu. Bu münasibətlə güləş azarkeşlərini təbrik edirəm. Ümid edirəm ki, bu uğur bizim gənclərə özünəinam verəcək və onlar gələcəkdə özlərini daha yüksək səviyyədə göstərə biləcəklər. Əgər konkret medallardan danışsaq, əlbəttə 2-3 qızıl mükafat qazanacağımızı gözləyirdik. Daha aşağı əyarlı medalların sayında da istəyimizə çata bilmədik.

- Hansı güləşçilərin etimadı doğrultmadığını söyləmək olar?

- Nurəddin Novruzov, Kənan Heybətov, Əli Tsokayev və Arsen Cioyevə inamımız var idi. Onlar finalda güləşməyə borclu idilər. Musa Ağayevdən də medal gözləyirdik. Digər güləşçilər isə hələ təcrübəli deyillər və adətən U-20 yaş qrupunda çıxış edirlər. Bu yarış onlar üçün yaxşı məktəb olmalıdır.

- Əsas yığmamızın bu yay keçiriləcək Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlığı neçə gedir?

- Dördilliyin ən vacib yarışına planlı şəkildə hazırlaşırıq. İndidən Olimpiya Oyunlarına tam hazır olduğumuzu demək hələ tezdir. Çünki Parisə qədər 1-2 beynəlxalq yarışa qatılmalı və zəruri olan üç təlim-məşq toplanışı keçməliyik.

- Güləşçilərimizin Olimpiadaya qədər olan müddətdə hansı turnirlərə qatılması nəzərdə tutulub?

- Bakıda təlim-məşq toplanışındayıq. Qarşıda iyunun 6-8-də Macarıstanda keçiriləcək reytinq turnirində çıxış etməyi planlaşdırırıq. Bir neçə güləşçimizin Polşadakı yarışa qatılması da planlarımıza daxildir.

- Olimpiya Oyunlarında əsas medal ümidlərimiz sərbəst güləş yığması ilə bağlı olub. Parisdə komandadan nə gözləyə bilərik?

- Proqnoz verməyi xoşlamıram. Həm də 2,5 ay öncədən. Əminliklə deyə bilərəm ki, məşqçilərdən asılı olan hər şey ən yüksək peşəkarlıq səviyyəsində ediləcək. Çalışacağıq ki, güləşçiləri Olimpiya Oyunlarına optimal formada aparaq. Orada isə necə olacağını zaman göstərəcək. Allaha dua edəcəyik ki, bizə uğur göndərsin.

Banuçiçək Hüseynli
İdman.biz