Avropa çempionatı: Nihat Quluzadə və Qurban Qurbanov finalda! - FOTO

Xəbərlər
21 May 2024 17:35
306
Avropa çempionatı: Nihat Quluzadə və Qurban Qurbanov finalda! - FOTO

Bakıda keçirilən güləş üzrə U-23 Avropa çempionatı davam edir.

İdman.biz xəbər verir ki, yarışın ikinci günündə yunan-Roma güləşi üzrə daha 5 çəkidə mübarizəyə start verilib.

Azərbaycan millisinin beş güləşçisi xalça üzərinə çıxıb və onlardan ikisi finala yüksəlib. Digər ikisi isə bürünc medal şansını qoruyur.

60 kq
Nihat Quluzadə təsnifat mərhələsində Oliver Skripçakla (Polşa) qarşılaşıb. O, tam üstünlüklə (9:0) qalib gələrək 1/4 finala vəsiqə qazanıb. Quluzədə bu mərhələdə də belaruslu Yanis Vitarova tam üstünlüklə qalib gəlib - 8:0. Quluzadə yarımfinalda Dinislam Bammatovla (AİN) güləşib və 9:4 hesabıyla qalib gələrək Avropa çempionatının finalına yüksəlib. O, sabah baş tutacaq həlledici görüşdə Mert İlbarsla (Türkiyə) qüvvəsini sınayacaq.

67 kq
Fəraim Mustafayev təsnifat mərhələsində Adomas Qriqaliunasla (Litva) görüşüb. Qarşılaşmada tam üstünlüklə (9:1) qalib gələn güləşçimiz 1/4 finala yüksəlib. Lakin o, bu mərhələdə ukraynalı Oleq Xəlilova 1:9 hesabıyla uduzub.

72 kq
Ruslan Nurullayev 1/8 finalda Mihael Portmannı (İsveçrə) 2:1 hesabıyla məğlub edərək 1/4 finala yüksəlib. O, ardınca Dmitri Adamova (AİN) 6:3 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Nurullayevin bu mərhələdə rəqibi Georgi Çixikvadze (Gürcüstan) olub. Rəqib 5:4 hesabıyla qələbə qazandığından güləşçimiz sabah bürünc medal uğrunda mübarizə aparcaq.

82 kq
Qurban Qurbanov ilk görüşdə Evangelos Boukislə (Yunanıstan) güləşib. Tam üstünlüklə (8:0) qalib gələn idmançı 1/4 finalda iştirak hüququ qazanıb. O, ardınca Vladimeri Karçeidzeni (Fransa) də 5:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Qurbanov finala gedən yolda Leon Rivalta (İtaliya) ilə münasibətinə aydınlıq gətirib. O, bu dueldən də qalib ayrılıb - 8:0. Qurbanov sabah keçiriləcək finalda İslam Əliyevlə (AİN) qarşılaşacaq.

97 kq
Murad Əhmədiyev yarışa təsnifat mərhələsindən başlayıb. O, neytral statuslu Abubakar Xaslaxanovla üz-üzə gəlib və 1:7 hesabıyla məğlub olub. Əhmədiyevin rəqibi finala vəsiqə qazandığından təmsilçimiz təsəlliverici görüşə qatılacaq.

Qeyd edək ki, Azərbaycan millisinin 5 güləşçisi yarışın ilk günündə mübarizəyə başlayıb. Onlardan ikisi finala, biri bürünc uğrunda qarşılaşmaya, ikisi təsəlliverici görüşlərə vəsiqə qazanıb.

İdman.biz

Məqalədə: