Avropa çempionatı: Güləşçilərimizdən 2 qızıl, 2 bürünc medal - FOTO

Xəbərlər
21 May 2024 19:25
494
Avropa çempionatı: Güləşçilərimizdən 2 qızıl, 2 bürünc medal - FOTO

Bakıda keçirilən yunan-Roma güləşi üzrə U-23 Avropa çempionatı davam edir.

İdman.biz xəbər verir ki, yarışın ikinci günündə 5 çəkidə mükafatçılar bəlli olub.

Dörd idmançımız medal uğrunda qarşılaşmaya çıxıb. Onlardan ikisi final, ikisi bürünc uğrunda qarşılaşmada qüvvəsini sınayıb.

Yığmamız günü 2 qızıl və 2 bürünclə başa vurub. Ziya Babaşovla Xasay Həsənli qalib gələrək Avropa çempionu olublar, Rəşad Məmmədov və Laçın Vəliyev isə bürünc qazanıb.

Yunan-Roma güləşi
63 kq

Ziya Babaşov finalda Vitali Yeriomenko (Moldova) ilə qarşılaşıb. Gərgin keçən görüş güləşçimizin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Babaşov bununla da Avropa çempionu tituluna yiyələnib.

77 kq
Xasay Həsənli qızıl medal uğrunda türkiyəli Yüksəl Sarıçiçeklə üz-üzə gəlib. O, rəqibinə heç bir şans verməyərək tam üstünlüklə (10:1) qələbə qazanıb və Avropa çempionatını qızıl medalla bitirib.

55 kq
Rəşad Məmmədov bürünc medal uğrunda görüşdə İvan Stefanskiyə (Ukrayna) qarşı mübarizə aparıb. 7:0 hesabı ilə qalib gələn "klassik"imiz Avropa çempionatını 3-cü yerdə başa vurub.

87 kq
Laçın Vəliyev təsəlliverici görüşdə Patrik Qordanı (Rumıniya) sınağa çəkib. O, 4:3 hesabıyla qalib gələrək bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Vəliyev ardınca İlya Myaleşiki (AİN) də məğlub edərək (3:1) Avropa üçüncüsü olub.

Qeyd edək ki, qitə birinciliyinə 10 pəhləvanla qatılan yunan-Roma güləşi millimizin digər 5 üzvü bu gün yarışa başlayıb. Onlardan ikisi finala yüksəlib, ikisi isə bürünc şansını saxlayıb.

İdman.biz

Məqalədə: