Rafiq Hüseynov: "Onlar məndən qorxsalar, daha yaxşıdır"

Müsahibə
11 May 2024 17:37
707
Rafiq Hüseynov: "Onlar məndən qorxsalar, daha yaxşıdır"

"Çıxışım parlaq olmasa da, yaddaqalan idi".

İdman.biz xəbər verir ki, bunu İstanbul Dünya Olimpiya Təsnifat Turnirində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov deyib.

Bu uğura 87 kq-da imza atan titullu idmançı Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimində bildirib ki, görüşləri çətin keçib: "Tam formada deyildim. Çünki zədəm var. Lakin əlimdən gələni etməyə çalışırdım. Şükürlər olsun ki, lisenziya qazana bildim".

O, yarışda qarşılaşdığı bütün rəqiblərinə ciddi yanaşdığı deyib: "Mən heç bir görüşə rahat şəkildə çıxmıram. Rəqibləri yaxşı dəyərləndirməyəndə bəzən uğursuzluqlar olur. Düşünmürəm ki, mən də zəif idmançıyam. Orda güclü idmaçılar var idi. Hansı ki, dünya, Avropa çempionu olub. Fikirləşirəm ki, onlar məndən qorxsalar, daha yaxşıdır. Hədəfim Olimpiya Oyunlarına yaxşı hazırlaşmaqdır. Qədərimizdə olacaqsa, qalib gələcəyik".

Qeyd edək ki, İstanbulda Rafiq Hüseynovla yanaşı, Murad Məmmədov (60 kq) və Sabah Şəriəti də (130 kq) lisenziya qazanıb.

Emin Ağa
İdman.biz