Paris Yolu: 3 güləşçimiz lisenziyanın 1 addımlığında - YENİLƏNİB

Xəbərlər
9 May 2024 17:54
Paris Yolu: 3 güləşçimiz lisenziyanın 1 addımlığında - YENİLƏNİB

Bu gün güləş üzrə Dünya Olimpiya Təsnifat Turnirinə start verilib.

İdman.biz xəbər verir ki, Türkiyənin İstanbul şəhərindəki yarışın ilk günündə yunan-Roma güləşçiləri xalça üzərinə çıxıblar.

Azərbaycan millisinin 4 "klassik"i Paris-2024-ə son lisenziyalar üçün mübarizəyə başlayıb. Təmsilçilərimizdən üçü yarımfinala adlayıb. Bu gün keçiriləcək mərhələdə qalib gələn güləşçilər Fransa paytaxtına vəsiqə qazanacaq. Yarımfinalın uğursuzları və təsəlliverici görüşlərin iştirakçıları hər çəkidə üçüncü vəsiqə üçün mübarizəni sabah davam etdirəcək.

Yunan-Roma güləşi
60 kq

Murad Məmmədov təsnifat mərhələsində Aleksandrs Yurkyans (Latviya) ilə qarşılaşıb. O, 10:1 hesabı ilə qələbə qazanıb. Yığma üzvü 1/8 finalda Kristofer Kramerlə (Almaniya) münasibətinə aydınlıq gətirib. Məmmədov bu görüşdən də üstün ayrılıb - 10:1. Murad 1/4 finalda polşalı Mixal Tratsla güləşib. O, bu rəqibini də məğlub edib. 5:1 hesabı ilə qalib idmançımız yarımfinala yüksəlib. Məmmədov finala gedən yolda Razvan Arnautla (Rumıniya) qarşılaşacaq.

87 kq
Rafiq Hüseynovun təsnifat mərhələsindəki rəqibi İlyas Paqkalidis (Yunanıstan) olub. Titullu güləşçimiz 3:1 hesabı ilə qalib gələrək, 1/8 finala yüksəlib. Hüseynov ikinci qarşılaşmasında hindistanlı Kumar Sunilə də gücünü göstərib - 4:3. İkiqat dünya çempionumuz növbəti sınağında Aleks Kessidislə (İsveç) üz-üzə gəlib. Rafiq bu deuli də aktivinə yazıb. Rəqibini 2:1 hesabı ilə məğlub edən yığmanın lideri yarımfinala vəsiqə əldə edib. O, lisenziya uğrunda gürcüstanlı Laşa Qobadze ilə qarşılaşacaq.

97 kq
Təsnifat mərhələsindən yarışa başlayan Murad Əhmədiyev Riçard Karelsonu (Estoniya) sınağa çəkib. Sonuncu xal prinsipi ilə qələbə qazanan (1:1) Murad 1/8 finalda Yuri Nakazato (Yaponiya) ilə görüşüb və məğlubiyyətə üzülüb - 1:3.

130 kq
Sabah Şəriəti təsnifat mərhələsində Nikolaos Ntunyasa (Yunanıstan) qalib gəlib - 8:3. O, 1/8 finalda Roman Kimlə (Qırğızıstan) qüvvəsini sınayıb. Tam üstünlüklə (10:0) qalib gələn Olimpiya mükafatçısı 1/4 finala yüksəlib. Şəriəti bu mərhələdə Mantas Knistautası (Litva) sonuncu xal prinsipinə əsasən məğlub edib - 1:1. O, yarımfinalda Pavel Qlinçukla (AİN) qüvvəsini sınayacaq.

Qeyd edək ki, Azərbaycan millisi İstanbuldakı turnirədək sərbəst güləşdə 6, yunan-Roma güləşində 2 lisenziya qazanıb. Sabah qadın millimizin 5 güləşçisi xalça üzərinə çıxacaq.

İdman.biz

Məqalədə: