Avropa çempionumuzun ARZUSU

Müsahibə
19 May 2024 10:10
156
Avropa çempionumuzun ARZUSU

“Sabah Avropa çempionatı start götürəcək. Hazırlığın son mərhələsindəyik. Artıq çəkisalmalar, bərpaedici məşqlərdir”.

Bunu İdman.bizə Azərbaycanın yunan-Roma güləşçisi Xasay Həsənli (77 kq) deyib.

O, mayın 20-i Bakıda start götürəcək U-23 Avropa çempionatı öncəsi fikirlərini açıqlayıb. Həsənlinin sözlərinə görə, ilk gündə güləşmək onun üçün əlavə üstünlük olacaq: “Bu mənim üçün çox rahatdır. Rəqiblər də bəllidir. Hansı ölkələrin, hansı idmançıların da olacağı bilinir. Çox güclü idmançılar var. Dünya və Avropa çempionatlarının mükafatçılarıdır. Hamı bir-birini yaxşı tanıyır. Yarış Bakıda keçiriləcəyi üçün özümüzü daha yaxşı tərəfdən göstərə bilərik”.

Həsənli 2022-ci ildə olduğu kimi yenidən çempion olmaq üçün əlindən gələni edəcəyini bildirib: “Əsas rəqibim moldovalı Aleksadrin Qutu və türkiyəli Yüksel Sarıçiçekdir. Ötən il həm dünya, həm də Avropa çempionatının finalında Qutu ilə güləşmişdim. Son qitə çempionatında gümüş qazanmışdım. Bu il 2022-ci ildə olduğu kimi çempion olmaq istəyirəm”.

22 yaşlı güləşçi U-23 Avropa çempionatının onun üçün bu yaş qrupunda sonuncu yarış olmağını istəyir: "U-23 sonsuza qədər deyil. Bu, bir tranplindir. Böyüklər arasında dünya, Avropa çempionatları, Olimpiya Oyunlarında çıxış etmək istəyirəm. Bu yarışda uğurla çıxış edib, təcrübə toplayıb böyüklər arasında daha böyük arenalarda çıxış etməyi hədəfləyirəm”.

Qeyd edək ki, Bakıdakı Avropa çempionatı mayın 26-da bitəcək.

Emin Ağa
İdman.biz