Taleh Məmmədov: “O, İstanbula "müharibə"yə gedir”

Müsahibə
30 Aprel 2024 16:57
2 042
Taleh Məmmədov: “O, İstanbula "müharibə"yə gedir”

“Lisenziya yarışı ilə bağlı proqnoz vermək çətindir. Bir çox güclü güləşçilər lisenziyasız qalıb”.

Bunu İdman.bizə Azərbaycan millisinin yunan-Roma güləşçisi Taleh Məmmədov deyib.

34 yaşlı pəhləvan komanda yoldaşlarının İstanbulda keçiriləcək Dünya Olimpiya Təsnifat Turnirində şanslarını dəyərləndirib. O bildirib ki, lisenziya qazanmağa ən çox Sabah Şəriətinin şansı var: “60 kq-da 4-5 güclü güləşçi lisenziyasız qalıb. Onlar da əsasən Avropa ölkələrinin təmsilçiləridir. Bu çəkidə çıxış edəcək Murad Məmmədovun şanslarını 60-ın 40-a dəyərləndirirəm. Hər şey düşəcəyi qrupdan asılı olacaq. Nihat Məmmədli kimi ard-arda güclülərlə düşsə, yorula bilər. Rafiq Hüseynov bizim qocaman güləşçimizdir. Ondan hər cür sürprizi gözləmək olar. Rafiqin zədədən qayıdıb yarışa getməsi çətinlik yaratmayacaq. Titullu idmançı o qədər çətinlikdən, zədədən keçib ki, daha bunu düşünmür. İstanbula "müharibə"yə gedir. Qolu, qıçı qırılsa belə sona kimi mübarizə aparacaq. 97 kq-da çıxış edəcək Murad Əhmədiyevin şanslarını 50-nin 50-yədir. Onların içində ən şanslı Sabah Şəriətini görürəm. O, 80 faiz lisenziya qazanmağa namizəddir. Çünki çəkisində güclülərin əksəriyyəti lisenziya əldə edib. 1-2 nəfər qalıb ki, onları da udmasa Olimpiadaya getməyin adı yoxdur”.

Məmmədov yunan-Roma güləşçilərinin sərbəst növdə olduğu kimi Paris-2024 Yay Olimpiya Oyunlarına tam heyətlə yollanacağına inanmır: “Bütün çəkilərdə təmsil olunmaq istəyərdik. Amma buna inanmıram”.

Qeyd edək ki, lisenziya turniri mayın 9-12-də keçiriləcək.

Emin Ağa
İdman.biz