Mariya Stadnik, qalib gəl, Olimpiadalar tarixinə düş! - TƏHLİL

Təhlil
6 Aprel 2024 14:53
878
Mariya Stadnik, qalib gəl, Olimpiadalar tarixinə düş! - TƏHLİL

Azərbaycan güləşçisi Mariya Stadnik müasir Olimpiya Oyunlarının tarixinə düşmək imkanına malikdir.

İdman.biz xəbər verir ki, 50 kq çəkidə mübarizə aparan idmançımız 1896-cı ildən keçirilən multi-idman yarışlarının tarixinə ən çox Olimpiadada iştirak edən güləşçi ünvanına şərik çıxa bilər.

Bu idman növündə ən çox Olimpiya Oyunlarına qatılan idmançılar eyni uğura 5 dəfə nail olublar. 8 güləşçi belə uğur əldə edib:

5 Olimpiadaya qatılan güləşçilər:
Kris Braun (Avstraliya, sərbəst, 1980-96)
Vilfred Ditrix (Almaniya, sərbəst/yunan-Roma, 1956-72)
Xorlogiin Bayanmonx (Monqolustan, sərbəst, 1964-80)
Çeslav Kvyeçinski (Polşa, yunan-Roma, 1964-80)
Miyain Lopes (Kuba, yunan-Roma, 2004-2020)
Corc Makkenzi (İngiltərə, sərbəst/yunan-Roma, 1908-1928)
Mario Tovar Qonzales (Meksika, sərbəst, 1962-68)
Rışard Volnı (Polşa, sərbəst, 1988-2004)

Stadnik Pekin-2008, London-2012, Rio-2016 və Tokio-2020-nin iştirakçısı olub. Paris-2024-ə vəsiqə onu Fransa paytaxtına – 5-ci Olimpiadaya aparacaq.

Güləşçimiz bu yarışa qatılmaqla tarixi rekordu təkrarlayacaq. O, bu növdə 5 Olimpiadada iştirak edəcək 9-cu idmançı, bunu bacaran ilk qadın olacaq. Bunun üçün isə yalnız bir qələbə qazanmaq lazımdır.

Bakıdakı Avropa Olimpiya Təsnifat Turnirinin yarımfinalındakı qələbə Mariyanı tarixə yazdıracaq. Stadnik həlledici görüşdə Oksana Livaçla (Ukrayna) qarşılaşacaq.

Təbii ki, dörd Olimpiada görmüş və karyerasını davam etdirən başqa güləşçilər də bu rekordu təkrarlaya bilərlər.

Qeyd edək ki, idmançımız əvvəlki 4 cəhdinin hamısında olimpiya medalı qazanıb. Mariya iki gümüş və iki bürünc əldə edib.

Vüqar Xeyrullayev
İdman.biz

Məqalədə: