Rəşad Məmmədov: “Bu, başlanğıcdır, özümü sübut edəcəm” - MÜSAHİBƏ

14 Fevral 2024 10:08
1 370
Rəşad Məmmədov: “Bu, başlanğıcdır, özümü sübut edəcəm” - MÜSAHİBƏ

Yunan-Roma güləşi üzrə Avropa çempionatının gümüş medalçısı Rəşad Məmmədovun (55 kq) İdman.biz saytına müsahibəsi

- İlk dəfə böyüklər arasında çıxış etdiyin Avropa çempionatında ikinci olmaqla çoxlarını təəccübləndirdin. Finalda qələbə üçün nə çatmadı?

- Moldovalı Artyom Deleanu ilə həlledici görüşdə bir az tələskənlik oldu. Bu səbəbdən də qızıl əldən çıxdı. Gələcəkdə bunun da öhdəsindən gələcəyimə inanıram.

- Onda bu məğlubiyyətdə çəkinin liderlərindən Nuqzari Tsutsumiyaya qalib gəlməyinin arxayınlığı rol oynadı, demək olmaz?

- Xeyr, arxayınlaşmadım. Sonadək inanırdım ki, qızıl medal qazana bilərəm. Təəssüf ki, alınmadı. Heç bir görüşüm asan olmadı.

- Bəs ən çətin görüş kimi hansını deyərdin?

- Final qarşılaşmamı. Həmin görüşü də qazana bilərdim, amma belə yekunlaşdı. Bütün çatışmazlıqların üzərində işləyəcəyəm.

- Yarışdan əvvəl bu nəticəni qazanacağına inanırdın?

- Avropa çempionatına çox yaxşı hazırlaşmışdım. Özümə inanırdım. Nəticə əldə edəcəyimə əmin idim və bunun öhdəsindən də gəldim.

- Bundan sonra 55 kq-da Rəşadın üçqat dünya və ikiqat Avropa çempionu Eldəniz Əzizlini layiqincə əvəz edəcəyi deyə bilərik?

- Komandamızın lideri Eldəniz Əzizlinin layiqli davamçısı olmağa çalışacam.

- Qarşıdakı yarışda səni Olimpiya çəkisində görə bilərik?

- Hələlik 55 kq-da özümü tam sübut etməmişəm. Olimpiya çəkisində çıxış etmək fikrim də var. Özümü bu çəkidə sübut etdikdən sonra bu barədə də düşünəcəyəm.

- Debütdəki uğurdan sonra da belə fikirdəsən?

- Özümü sübut etdiyimi deyə bilmərəm. Qarşıda böyük yarışlarımız var. Bu, hələ başlanğıcdır.

- Ən böyük hədəfin nədir?

- Hər bir idmançının olduğu kimi mənim də hədəfim Olimpiya çempionu olmaqdır.

- Medal qazandıqdan sonra ilk təbrikləri kimlərdən aldın?

- Çıxışımdan sonra müəllimlərim, məşqçilərim, ailəm, dostlarım və tanışlarım məni təbrik etdilər. Hər birinə minnətdaram.

Emin Ağa
İdman.biz