Elçin Cəfərov: “Falçı kimi əvvəlcədən proqnoz verə bilmərəm”

Müsahibə
12 Fevral 2024 11:24
Elçin Cəfərov: “Falçı kimi əvvəlcədən proqnoz verə bilmərəm”

“Azərbaycan millisi Avropa çempionatına ən güclülərlə yollanıb”.

Bunu İdman.bizə yunan-Roma güləşi üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Elçin Cəfərov deyib.

O, Rumıniyanın paytaxtı Buxarestdə bu gün start götürəcək Avropa çempionatında iştirak edəcək yığma ilə bağlı fikirlərini açıqlayıb.

65 yaşlı mütəxəssis bildirib ki, bu yarış gərgin mübarizə vəd edir: “Çempionatın başlamasına bir neçə saat qalıb. Bu yarışda ən güclülərin güləşəcəyi sözsüzdür. Apreldə Bakıda Olimpiya Təsnifat Turniri keçiriləcək. Buna görə də müxtəlif ölkələrdən olan idmançılar yaxşı nəticə qazanıb, bura gəlmək istəyir. Çünki Paris-2024 üçün lisenziya əldə edə bilməyən güclü güləşçilərin hamısının arzusu budur. Komandamız zəif deyil, dünya çempionu adını daşıyır. Bütün idmançılarımızın hamısına ümidlərimiz böyükdür”.

Cəfərovun sözlərinə görə, dünya çempionu Eldəniz Əzizlinin zədəli olması səbəbindən çempionatda iştirak edəcək Azərbaycan birinciliyinin qalibi Rəşad Məmmədov (55 kq) da fəxri kürsüyə yüksəlmək gücündədir: “Onun ilk Avropa çempionatıdır. Düşünürəm ki, uğurlu nəticə göstərəcək. Əzizli bu çempionatda iştirak etsəydi, 100 faiz finala çıxacaqdır. Çünki o, üçüncü dəfə Avropa çempionu adını qazanmaq istəyirdi. Eldəniz dünyada liderlərdən biridir”.

Təcrübəli mütəxəssis medal sayı ilə bağlı proqnoz vermək istəməyib: “Falçı kimi əvvəlcədən proqnoz verə bilmərəm. Çünki bu, idmandır və burada hər şey ola bilər. Ona görə də dəqiq kimlərdən hansı nəticəni gözlədiyimi deyə bilmərəm. Yalandan hansısa idmançının adını çəkə bilərəm. Hamısına güvənirik, inanırıq və onlardan yaxşı nəticə gözləyirik”.

Qeyd edək ki, fevralın 18-dək davam edəcək Avropa çempionatında Azərbaycan yığması 3 növ üzrə 25 idmançı ilə təmsil olunacaq.

Banuçiçək Hüseynli
İdman.biz