Azərbaycan güləşində həyəcan təbili: Las-Veqasda keçirilən U-23 dünya çempionatı nəyi göstərdi? - İDMAN.BİZ-in İCMALI

19 Oktyabr 2026 12:28
152
Azərbaycan güləşində həyəcan təbili: Las-Veqasda keçirilən U-23 dünya çempionatı nəyi göstərdi? - İDMAN.BİZ-in İCMALI

ABŞ-nin Las-Veqas şəhərində başa çatan 23 yaşadək güləşçilər arasında dünya çempionatı Azərbaycan millisinin çıxışı ilə bağlı birmənalı olmayan təəssürat yaradıb.

İdman.Biz xəbər verir ki, güləşçilərimiz yarışı iki gümüş və üç bürünc olmaqla beş medalla başa vurublar. Lakin bu nəticənin arxasında o qədər də ürəkaçan olmayan statistika dayanır.

Azərbaycanı təmsil edən 23 idmançıdan yalnız ikisi finala yüksəlib və onların hər ikisi həlledici görüşdə məğlub olub. Beləliklə, milli komandamız son üç ildə ilk dəfə U-23 dünya çempionatında qızıl medal qazana bilməyib.

Bu isə ciddi düşünmək üçün əsasdır. Çünki U-23 yaş kateqoriyası gənclər güləşində növbəti mərhələ olmaqla yanaşı, böyüklərdən ibarət milli komandanın ən yaxın ehtiyat qüvvəsidir. Üstəlik, bu yaş qrupuna daxil olan bir çox güləşçi artıq böyüklər arasında da mübarizə aparır, bəziləri isə 2028-ci il Olimpiya Oyunlarının potensial iştirakçıları hesab olunur.

Doqquz il əvvəlki antirekord təkrarlandı

Las-Veqasda əldə olunan nəticəni obyektiv qiymətləndirmək üçün 2017-ci ildən keçirilən U-23 dünya çempionatlarının tarixinə nəzər salmaq kifayətdir.

2017-ci ildə Polşanın Bıdqoş şəhərində təşkil olunan ilk dünya çempionatında Azərbaycan beş medal qazanıb. Həmin mükafatların hamısı bürünc olub. 2018 və 2019-cu illərdə güləşçilərimiz hərəyə yeddi medal əldə ediblər. Bu medalların arasında bir qızıl mükafat da olub. 2021-ci ildə millimiz altı medal qazanıb ki, onlardan üçü qızıl olub. 2022-ci ildə isə bir qızıl medal da daxil olmaqla yeddi mükafat əldə edilib.

2023-cü ildə Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatı xüsusilə məhsuldar olub. Azərbaycan güləşçiləri 11 dəfə fəxri kürsüyə yüksəliblər. Bununla belə, həmin yarışda da qızıl medal qazanmaq mümkün olmayıb. Komandamız dörd gümüş və yeddi bürünc medalla kifayətlənib.

2024-cü ildə millimiz iki qızıl medal da daxil olmaqla səkkiz mükafat qazanıb. 2025-ci ildə isə Serbiyanın Novi Sad şəhərində keçirilən dünya çempionatında yeddi medal əldə edilib. Onlardan üçü qızıl olub. Medalların əyarına görə, bu nəticə Azərbaycanın U-23 dünya çempionatları tarixində ən yaxşı göstərici sayılıb.

Bu mənzərədə Las-Veqasda qazanılan beş medal geriləmə təsiri bağışlayır. Üstəlik, milli komandamız turnirin tarixində ən aşağı medal göstəricisini təkrarlayıb. Yeganə fərq ondadır ki, 2017-ci ildə beş medalın hamısı bürünc olduğu halda, bu dəfə komandamızın aktivində iki gümüş mükafat da var.

Qızıl medala 16 saniyə qalmış...

Azərbaycan üçün ən dramatik məqamlardan biri qadın güləşində 59 kq çəki dərəcəsinin finalında yaşanıb.

Günay Qurbanova dünya çempionu olmağa çox yaxın idi. Ukraynalı Alina Filipoviçlə qarşılaşan 18 yaşlı güləşçimiz görüşün başa çatmasına 16 saniyə qalmış 4:2 hesabı ilə öndə olub. Lakin rəqibi son anlarda uğurlu hücum edərək hesabı bərabərləşdirib. Sonuncu xal prinsipinə əsasən, 4:4 hesabı ilə başa çatan görüşdə qələbə ukraynalı idmançıya verilib.

Təəssüf doğuran məqam budur ki, Qurbanova bənzər vəziyyətlərlə əvvəllər də üzləşib. O, ötənilki U-23 dünya çempionatının yarımfinalında da görüşün son saniyələrində üstünlüyünü əldən verib. Bu ilin böyüklər arasında keçirilən Avropa çempionatında isə yenidən yarımfinalın sonlarında məğlub olub.

Həmin Avropa çempionatından sonra İdman.Biz-ə açıqlamasında güləşçi elektron tabloda son 15 saniyənin qaldığını görəndə bir qədər arxayınlaşdığını və səhvə yol verdiyini etiraf etmişdi.

Təbii ki, Las-Veqasda da eyni səbəbin rol oynadığını qəti şəkildə söyləmək olmaz. Bununla belə, həlledici anlarda təkrarlanan məğlubiyyətlər idmançının psixoloji dayanıqlığına, diqqətini sona qədər qorumasına və hesabda üstün olduğu zaman düzgün müdafiə olunmasına diqqət yetirməyin vacibliyini göstərir.

Digər tərəfdən, Qurbanovanın inkişafı göz qabağındadır. O, bir il ərzində U-23 dünya çempionatında bürünc medaldan gümüşə yüksəlib, bu yaş qrupunda iki dəfə Avropa çempionu olub və böyüklər arasında qitə birinciliyinin də bürünc medalını qazanıb.

Güləşçinin potensialı böyükdür. İndi əsas məsələ finala yaxınlaşmaqla kifayətlənməmək, bu imkanı çempionluğa çevirməyi bacarmaqdır.

Dünya çempionu titulunu qoruya bilmədi

Azərbaycanın digər qızıl medal ümidi yunan-Roma güləşçisi Elmir Əliyev olub. O, ötən il 55 kq çəki dərəcəsində U-23 dünya çempionu titulunu qazanmışdı. Las-Veqasda isə 60 kq çəki dərəcəsində çıxış edərək yenidən finala yüksəlib.

Lakin qazaxıstanlı Aybek Aytbekovla həlledici görüş onun üçün uğursuz başa çatıb. Rəqib 13:4 hesabı ilə inamlı qələbə qazanıb.

Qurbanovanın finalından fərqli olaraq, burada son saniyələrdə buraxılmış həlledici səhvdən danışmaq çətindir. Doqquz xallıq fərq konkret görüşdə qazaxıstanlı güləşçinin aşkar üstünlüyünü göstərir.

Bununla belə, çəki dəyişikliyini də nəzərə almaq lazımdır. Əliyev olimpiya proqramına daxil olmayan 55 kq-dan olimpiya çəkisi olan 60 kq-a keçib. Yeni çəkidə rəqiblərə və mübarizə tələblərinə uyğunlaşmaq üçün ona vaxt lazım ola bilər.

Bu baxımdan, gümüş medalın özünü uğursuzluq saymaq düzgün olmazdı. Ancaq final göstərdi ki, yeni çəki dərəcəsində dünyanın ən güclü güləşçiləri ilə rəqabət aparmaq üçün ötənilki çempionluq təcrübəsi təkbaşına kifayət etmir.

Tanış medalçılar və yeni adların azlığı

Digər medalçıların çıxışı da diqqətəlayiq məqamlardan biridir.

Sərbəst güləşdə 125 kq çəki dərəcəsində mübarizə aparan Xetaq Karsanov ötən il gümüş medal qazanmışdı. Bu dəfə isə bürünc mükafatla kifayətlənib. Üstəlik, ardıcıl ikinci ildir ki, onun yolunu eyni rəqib kəsib. Söhbət iranlı Abolfazl Nəccaddan gedir.

Karsanov 2025-ci ildə finalda rəqibinə 0:11 hesabı ilə uduzub. Las-Veqasda isə yarımfinalda 0:5 hesabı ilə məğlub olub. Beləliklə, güləşçimiz əsas rəqiblərindən biri ilə qarşılaşmada yenə üstünlük qazana bilməyib.

Ruslan Nurullayev isə 72 kq-dan olimpiya çəkisi olan 77 kq-a keçdikdən sonra da U-23 dünya çempionatının bürünc medalını qoruyub. Çəki dəyişikliyini və artan rəqabəti nəzərə alsaq, bu nəticəni müsbət qiymətləndirmək olar. Bununla belə, idmançının özü ilk görüşdə buraxdığı səhvlərin qızıl medal uğrunda mübarizə aparmasına mane olduğunu bildirib.

Anar Cəfərlinin (92 kq) çıxışı isə müsbət məqam kimi diqqət çəkib. İlk görüşdə məğlub olan güləşçimiz təsəlliverici qarşılaşmalarda mübarizəni davam etdirərək bürünc medal qazanmağı bacarıb.

Ancaq burada başqa bir məqam da var. Azərbaycan millisinin hazırkı beş medalçısından dördü – Elmir Əliyev, Günay Qurbanova, Ruslan Nurullayev və Xetaq Karsanov – ötən il də U-23 dünya çempionatının mükafatçıları sırasında yer alıblar. Bu dəfə əvvəlki çempionatla müqayisədə yeni medalçı yalnız Anar Cəfərli olub.

Əlbəttə, milli komandaların heyəti dəyişir və ötənilki bütün çempionlar bu yarışda iştirak etməyiblər. Bununla belə, bu statistika dünya səviyyəsində medal qazanmağa hazır olan gənc güləşçilərin dairəsinin nə qədər geniş olması barədə düşünməyə əsas verir.

Las-Veqas nəyi göstərdi?

Beş medal qazanmağı uğursuzluq adlandırmaq olmaz. Azərbaycan beynəlxalq səviyyədə rəqabət aparmaq qabiliyyətinə malik istedadlı gənc güləşçilərə sahibdir. Lakin fəxri kürsüyə müntəzəm yüksəlməklə həlledici görüşlərdə qalib gəlmək arasında ciddi fərq var.

Las-Veqasda bir neçə problemli məqam üzə çıxdı: görüşlərin sonlarında üstünlüyün itirilməsi, güclü rəqiblərə qarşı böyükhesablı məğlubiyyətlər, yeni çəki dərəcələrinə uyğunlaşmaqda çətinliklər və medal uğrunda mübarizə aparan idmançıların sayının yetərli olmaması.

Bununla belə, ayrı-ayrı məğlubiyyətlərə əsaslanaraq bütün hazırlıq sisteminin səviyyəsi barədə qəti nəticə çıxarmaq düzgün olmazdı. Bunun üçün çəki dərəcələri üzrə çıxışları, iştirakçıların tərkibini və rəqabətin səviyyəsini daha ətraflı təhlil etmək lazımdır.

Ancaq statistikaya da göz yummaq olmaz. Xüsusilə ona görə ki, U-23 millisi böyüklərdən ibarət komandaya ən yaxın ehtiyat qüvvədir. Azərbaycan güləşinin gələcəyi də böyük ölçüdə bu idmançıların inkişafından asılıdır.

Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarına iki ildən də az vaxt qalır. İndi yalnız güləşçilərimizin Las-Veqasda niyə qızıl medal qazana bilmədiklərini deyil, onların yaxın gələcəkdə böyüklər arasında dünyanın ən güclü idmançıları ilə rəqabətə nə dərəcədə hazır olduqlarını da anlamaq vacibdir.

Buna görə də hazırkı dünya çempionatını son hökm kimi deyil, həyəcan təbili kimi qəbul etmək lazımdır. Azərbaycan güləşində perspektivli idmançılar var. Əsas sual isə budur: onlar növbəti addımı ataraq potensiallarını böyük qələbələrə çevirə biləcəklərmi?

İdman.Biz