Dünya çempionatı: Azərbaycanın üç güləşçisi bürünc medal uğrunda mübarizə aparacaq - YENİLƏNİR

18 Oktyabr 2026 01:51
130
Dünya çempionatı: Azərbaycanın üç güləşçisi bürünc medal uğrunda mübarizə aparacaq

ABŞ-nin Las-Veqas şəhərində keçirilən 23 yaşadək güləşçilər arasında dünya çempionatında Azərbaycanın daha iki sərbəst güləşçisi bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.

İdman.Biz xəbər verir ki, 86 kq çəki dərəcəsində mübarizə aparan Səbuhi Əmiraslanov təsəlliverici görüşdə gürcüstanlı Tornike Samxaradzeni 10:0 hesabı ilə məğlub edib.

92 kq-da çıxış edən Anar Cəfərli isə təsəlliverici mərhələdə ardıcıl iki qələbə qazanıb. O, əvvəlcə ermənistanlı Muşeğ Mkrtçyanı 18:8, daha sonra Puerto-Riko təmsilçisi Lorenso Vaskesi 12:0 hesabı ilə üstələyərək bürünc medal görüşünə yüksəlib.

79 kq çəki dərəcəsində Elcan İsmayılzadə yarışa uğurla başlayıb. Azərbaycan təmsilçisi kanadalı Konor Çörçə 11:0 hesabı ilə qalib gələrək səkkizdəbir finala vəsiqə qazanıb.

Digər üç güləşçimiz isə ilk görüşlərində məğlub olublar.

65 kq-da Musa Ağayev təsnifat mərhələsində qazaxıstanlı Şattik Alaydara 2:12 hesabı ilə uduzub. 70 kq-da Ramik Heybətov qırğızıstanlı Rüstəmcan Kaxarova 4:11 hesabı ilə məğlub olub.

97 kq çəki dərəcəsində çıxış edən Zəfər Əliyev isə iranlı Mohammadmobin Azimiyə 0:8 hesabı ilə uduzub.

Daha bir təmsilçimiz Xetaq Karsanov (125 kq) da bürünc medal uğrunda görüşə çıxacaq.

Qeyd edək ki, Azərbaycan millisinin aktivində hazırda üç medal var. Elmir Əliyev (60 kq) və Günay Qurbanova (59 kq) gümüş, Ruslan Nurullayev (77 kq) isə bürünc medal qazanıblar.

Dünya çempionatı oktyabrın 18-də başa çatacaq.

İdman.Biz