İki güləşçimiz U-20 dünya çempionatında gümüş medal qazandı - YENİLƏNİB

21 Avqust 2026 20:58
898
İki güləşçimiz U-20 dünya çempionatında gümüş medal qazandı - YENİLƏNİB

Azərbaycan millisinin qadın güləşçiləri Günay Qurbanova və Ruzanna Məmmədova U-20 dünya çempionatında gümüş medal qazanıblar.

İdman.Biz xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan Günay Qurbanova finalda Yaponiyanın Konami Ono ilə qarşılaşıb. Təmsilçimiz həlledici görüşdə rəqibinə 6:16 hesabı ilə məğlub olaraq dünya ikincisi olub.

59 kq çəki dərəcəsində çıxış edən Ruzanna Məmmədova isə finalda Yaponiyanın Sae Noquçi ilə üz-üzə gəlib. Azərbaycan güləşçisi qarşılaşmanı 1:3 hesablı məğlubiyyətlə başa vuraraq gümüş medala sahib çıxıb.

Beləliklə, Azərbaycan millisinin aktivinə daha iki gümüş medal əlavə olunub.

Qeyd edək ki, Günay Qurbanova və Ruzanna Məmmədovanın qazandığı gümüş medallardan sonra Azərbaycan millisinin U-20 dünya çempionatındakı mükafatlarının sayı yeddiyə çatıb. Yığmamızın aktivində bir qızıl, üç gümüş və üç bürünc medal var. Qızıl medalı Ayxan Cavadov, gümüş medalları Cavidan Nehmətov, Günay Qurbanova və Ruzanna Məmmədova, bürünc medalları isə Emin Cavadlı, Tural Əhmədov və Elmin Əliyev qazanıblar.

20:26

Azərbaycan millisinin güləşçisi Günay Qurbanova U-20 dünya çempionatında gümüş medal qazanıb.

İdman.Biz xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda Yaponiyanın Konami Ono ilə qarşılaşıb.

Görüş rəqibin 16:6 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, Günay Qurbanova U-20 dünya çempionatını gümüş medalla tamamlayıb.

12:14

Slovakiyanın paytaxtı Bratislavada keçirilən güləş üzrə U-20 dünya çempionatında qadın güləşi üzrə final görüşləri keçiriləcək.

İdman.Biz xəbər verir ki, Azərbaycan millisinin iki üzvü qızıl medal uğrunda mübarizə aparacaq.

57 kq çəki dərəcəsində Günay Qurbanova yaponiyalı Konami Ono ilə qarşılaşacaq.

59 kq çəki dərəcəsində mübarizə aparan Ruzanna Məmmədova isə digər yaponiyalı Sae Noquçi ilə üz-üzə gələcək.

Hər iki görüş saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Bratislavada keçirilən U-20 dünya çempionatı avqustun 23-dək davam edəcək.

İdman.Biz