17 yaşadək sərbəst güləşçilərdən ibarət Azərbaycan millisinin böyük məşqçisi Hacı Əliyev Bakıda keçiriləcək dünya çempionatına hazırlıq barədə danışıb.
İdman.Biz xəbər verir ki, mütəxəssis bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlama verib.
Hacı Əliyev komandanın məsul yarışa hazırlıq səviyyəsini dəyərləndirib:
“Komandamız indiyədək çoxlu təlim-məşq toplanışı keçib. Bura həm fiziki, həm də taktiki-texniki çalışmalar daxildir. Güləşçilər verilən tapşırıqları layiqincə yerinə yetiriblər. Ümid edirəm ki, bundan sonra da belə davam edəcək. Komandanın ümumi vəziyyəti çox yaxşıdır. Heyətdə Avropa çempionatının qalib və mükafatçıları yer alıb”.
Böyük məşqçi dünya çempionatında uğurlu çıxış edəcəklərinə inandığını bildirib:
“Yaxşı hazırlıq keçmişik. Dünya çempionatında da uğurlu çıxış edəcəyimizə inanıram. Düzdür, bir neçə güləşçimizdə yüngül zədələr var. Amma bunun güləşçilərimizin qarşısını alacağını düşünmürəm. Dünya çempionatında yüksək rəqabət olur. Ona görə proqnoz vermək çətindir. Hər bir güləşçimizdən uğurlu nəticə gözləyirəm”.
Qeyd edək ki, güləş üzrə U-17 dünya çempionatı iyulun 27-dən avqustun 2-dək Milli Gimnastika Arenasında keçiriləcək.
