Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov peşəkar "Real American Freestyle" (RAF) liqasındakı debütündə məğlubiyyətlə üzləşib.
İdman.Biz xəbər verir ki, 2024-cü il Olimpiadasının bürünc mükafatçısı ABŞ-nin Miluoki şəhərində keçirilən RAF 11 turnirində mübarizə aparıb.
Maqomedovun rəqibi ABŞ təmsilçisi Trent Hidli olub. Görüşün ilk hissəsindən sonra Azərbaycan güləşçisi 0:2 hesabı ilə geridə qalıb. İkinci hissədə isə ABŞ-li idmançı üstünlüyünü artıraraq daha 6 xal qazanıb. Son iki dəqiqənin əvvəlində Hidli həlledici fənd tətbiq edərək texniki üstünlüklə qələbə qazanıb - 10:0. Turnirin təşkilatçıları onun çıxışını gecənin ən yaxşı performansı kimi qiymətləndiriblər.
Qeyd edək ki, Maqomedxan Maqomedov RAF-da çıxış edən ikinci Azərbaycan güləşçisi olub. Bundan əvvəl üçqat dünya çempionu Hacı Əliyev bu liqada mübarizə aparıb. O, iyunun 13-də Sent-Luisdə keçirilən RAF 10 turnirində Puerto-Rikonu təmsil edən Sebastian Riveraya 5:9 hesabı ilə məğlub olub.
Beləliklə, Azərbaycan güləşçiləri peşəkar liqada keçirdikləri iki görüşün heç birində qələbə qazana bilməyiblər.
Xatırladaq ki, Hacı Əliyevdən fərqli olaraq, Maqomedxan Maqomedov karyerasını davam etdirən idmançıdır. O, sonuncu dəfə Azərbaycan millisinin heyətində fevral ayında Albaniyanın Tirana şəhərində keçirilən reytinq turnirində çıxış edib. Həmin yarışda yarımfinalda məğlub olan güləşçi zədə səbəbindən bürünc medal uğrunda görüşə çıxa bilməyib.
RAF 11 turnirinin əsas qarşılaşmasına gəlincə, ABŞ təmsilçisi Kolbi Kovinqton Arman Tsarukyana 5:3 hesabı ilə qalib gələrək "RAF Cruiserweight Crossover" kəmərinin ilk sahibi olub.
Qeyd edək ki, "Real American Freestyle" 2025-ci ildə yaradılan ABŞ-nin peşəkar sərbəst güləş liqasıdır. Liqanın təsisçilərindən biri əfsanəvi restler Halk Hoqandır.
RAF turnirlərində Olimpiya çempionları və mükafatçıları, tanınmış güləşçilər, ABŞ universitet güləşinin ulduzları, eləcə də qarışıq döyüş sənətlərinin nümayəndələri iştirak edir. Görüşlər hər biri 2 dəqiqə davam edən üç hissədən ibarətdir.
