Gürcüstanın Batumi şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının üçüncü mərhələsi keçirilib.
İdman.Biz xəbər verir ki, 20-21 iyunda təşkil olunan yarışda Azərbaycan millisi baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında mübarizə aparıb.
Komandamızın heyətində Rübail İbrahimli (70 kq), Sahib Dadaşov, Vüsal Əliyev (hər ikisi 80 kq), Əşrəf Aşırov, İlqar Nəzərli (hər ikisi 90 kq) və İslam İlyasov (+90 kq) çıxış ediblər. Onlardan ikisi fəxri kürsüyə yüksəlib.
Əşrəf Aşırov 90 kq çəkidə uğurlu çıxış edərək yarışın qalibi olub. O, bununla Dünya Seriyasının ilk mərhələsindəki nəticəsini təkrarlayıb. Aşırov daha əvvəl Vyetnamın Dananq şəhərində keçirilən analoji yarışda da qızıl medal qazanmışdı.
Vüsal Əliyev isə 80 kq çəkidə bürünc medala sahib olub.
Qeyd edək ki, Dünya Seriyasında Azərbaycanın I-S dərəcəli hakimi Bəşir İsazadə də ədaləti qoruyub.
