Estoniyada yeniyetmələr arasında keçirilən “Tallin Open” turnirində Azərbaycan güləşçiləri üçün əsas məqsəd nəticə yox, öyrənmək olub.
Bu barədə qızlardan ibarət U-17 milli komandanın böyük məşqçisi Mariya Stadnik açıqlamasında bildirib.
O, sözügedən yarışın Avropa çempionatı üçün hazırlıq xarakteri daşıdığını söyləyib.
“Qızlar üçün əsas məqsəd nəticə yox, öyrənmək idi. Yarış zamanı onların vəziyyətini görmək, psixologiyalarını daha yaxşı anlamaq və hər birinə fərdi yanaşmanı müəyyən etmək vacib idi. Bu turnir güləşçilərimiz üçün çox yaxşı təcrübə oldu. Onlardan razı qaldığımı deyə bilərəm. Çünki sonadək mübarizə aparırdılar”, - deyə o, report.az-a açıqlamasında bildirib.
M.Stadnik “Tallin Open” turniri başa çatdıqdan sonra sözügedən ölkədə təlim-məşq toplanışına qatıldıqlarını sözlərinə əlavə edib.
Xatırladaq ki, Azərbaycan güləşçiləri “Tallin Open” turnirində 5 medal qazanıblar. Fatimə Bayramova (53 kq) çempion olub. Nəzrin Əhmədli (49 kq), Rəna Nuriyeva (61 kq) və Simurə Abdullayeva (69 kq) gümüş, Xədicə Qurbanzadə (49 kq) isə bürünc medal qazanıb.
