Estoniyada yeniyetmə güləşçilər arasında “Tallin Open” turniri keçirilib.
41 ölkənin təmsil olunduğu ənənəvi yarışda U17 milli komandanın böyük məşqçisi Mariya Stadnik və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında 7 güləşçi çıxış edib ki, onların da 5-i fəxri kürsüyə qalxıb.
Fatimə Bayramova (53 kq) keçirdiyi 7 görüşün hər birində qalib gələrək çempion olub. Nəzrin Əhmədli (49 kq), Rəna Nuriyeva (61 kq) və Simurə Abdullayeva (69 kq) gümüş, Xədicə Qurbanzadə (49 kq) isə bürünc medal qazanıb.
Qeyd edək ki, komandamız yarışdan sonra Tallində keçiriləcək beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək. Hazırlıq prosesi aprelin 1-dək davam edəcək. Yığmamız U17 Avropa çempionatı öncəsi son toplanışı Bakıda keçəcək.
