“Altı idmançı ilə üç medal əldə etmək böyük nəticədir”.
Bu sözləri Serbiyanın Zrenyanin şəhərində təşkil edilən U-23 Avropa çempionatında bir qızıl və iki gümüş medal qazanan qızlardan ibarət Azərbaycan millisində baş məşqçi əvəzi funksiyasını icra edən Toğrul Əsgərov deyib.
O, komandasının çıxışından razı qaldığını bildirib.
“Günay Qurbanova qızıl medal qazandı. Ruzanna Məmmədovadan da bu nəticəni gözləyirdik. O, əzmkarlıqla mübarizə apardı. Üç ay əvvəl dizindən əməliyyat olunduğu üçün bir az geri düşmüşdü. Amma bu yarışda əsl xarakter nümayiş etdirdi. Sadəcə, ani səhvə görə finalda məğlub oldu. Rəqibi də böyüklər arasında dünya, U-23 Avropa çempionatında gümüş qazanmışdı. Gültəkin Şirinovanın da zədədən sonra medal qazanması bizi çox sevindirdi. Bildiyiniz kimi, qadın güləşində oğlanlar qədər kütləvilik yoxdur. Federasiya bunun üçün əlindən gələni edir. Qısa zaman ərzində əlimizdə çox qız olsa, nəticələrimiz daha yaxşı olar”, - deyə o, AZƏRTAC-a açıqlamasında söyləyib.
T. Əsgərov gələcək planlardan da danışıb: “Albaniyada təşkil olunacaq Avropa çempionatına bir ay vaxtımız var. Bu müddət ərzində iki toplanış keçəcəyik. Bunlardan biri ölkə xaricində olacaq. Ruzannanın bu dəfə qızıl medal qazanacağına inanıram. Onun gənclərdə yarışmaq üçün daha bir ili var. Jalə Əliyeva, Ruzanna Məmmədova və Günay Qurbanovanın Olimpiya lisenziyası qazanmaq şansları daha çoxdur. Əlbəttə ki, digər idmançılarım da bu potensiala sahibdirlər. Bunlar arasında Elnurə Məmmədova, Gültəkin Şirinova və Birgül Sultanovanın adlarını çəkə bilərəm”.
