Toğrul Əsgərov: "Besik sağ olsaydı, onunla güləşmək istəməzdim" - FOTO/VİDEO

1 May 2026 20:50
172
Toğrul Əsgərov: "Besik sağ olsaydı, onunla güləşmək istəməzdim" - FOTO/VİDEO

Azərbaycanın olimpiya çempionu və qadın güləş yığmasının baş məşqçisi Toğrul Əsgərov sərbəst güləş üzrə dördqat dünya çempionu Besik Kuduхov haqqında xatirələrini bölüşüb.

İdman.Biz xəbər verir ki, jurnalist Vyaçeslav Abdusalamov öz səhifəsində azərbaycanlı güləşçi ilə qısa müsahibə paylaşıb. Əsgərov rəqibi haqqında böyük hörmətlə danışaraq onun yüksək səviyyəsini qeyd edib. "Mən həmişə onu izləyirdim, o, çox yüksək səviyyəli güləşçi idi. Osetiyada toplanışlarda olanda onun məzarını ziyarət edirəm", — deyə Əsgərov bildirib.

O, həmçinin London Olimpiya Oyunlarında aralarındakı qarşılaşmanı xatırlayıb. "Həmin il o, dünya çempionu idi, mən isə Avropa çempionu. Mən çox istəyirdim ki, ona qalib gəlim. O artıq dördqat dünya çempionu idi və çox texniki idi. Mən altı ay yalnız bu görüşə hazırlaşdım və digər rəqiblər haqqında düşünmürdüm", — deyə idmançı qeyd edib.

Əsgərovun sözlərinə görə, xalça üzərində rəqabətə baxmayaraq, kənarda münasibətləri normal olub. "Toplanışlarda ünsiyyət saxlayırdıq. Əgər Besik sağ olsaydı, onunla güləşmək istəməzdim", — deyə o vurğulayıb.

Qeyd edək ki, Besik Kuduхov 2013-cü ildə Vladiqafqazdan Krasnodara gedərkən baş vermiş avtomobil qəzasında həlak olub.

İdman.Biz