“Bu, sözlə ifadəsi çətin olan bir hissdir. Çox böyük qürur hissi keçirirəm”.
Bunu Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatında 59 kq çəki dərəcəsində qızıl medal qazanan Azərbaycanın qadın güləşçisi Günay Qurbanova AZƏRTAC-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
– Adətən qızlar gimnastika və ya rəqsə daha meyilli olurlar. Sizi güləşə gətirən səbəb nə olub?
– Mənim böyük bacım var. O da yığmada çıxış edirdi. Uşaqlıqdan ona baxırdım və məndə də güləşə maraq yaranmışdı. Bir gün qərar verdim ki, mən də bu idman növü ilə məşğul olum. Beləliklə, güləşə başladım.
– Güləşi seçdiyiniz üçün yaxın ətrafınızda bu qərara qarşı çıxanlar olub?
– Xeyr, belə münasibətlə qarşılaşmamışam. Bizim ailə idmançı ailəsidir. Bacım da, atam da idmançıdır. Ona görə də hər zaman məni dəstəkləyiblər.
– İkinci dəfə Avropa çempionu oldunuz. Serbiyada Azərbaycan Bayrağını ən yüksəyə qaldırmaq sizin üçün necə hissdir?
– Bu, sözlə ifadəsi çətin olan bir hissdir. Çox böyük qürur hissi keçirirəm. Azərbaycan Bayrağını ikinci dəfə qaldırmaq mənim üçün çox sevindiricidir. Son üç ildə keçirilən Avropada çempionatlarında ikinci dəfə bu uğura nail oldum. Bu isə mənə daha da motivasiya verir.
– Final görüşü sizin üçün necə keçdi? Belaruslu rəqibiniz Marta Hetmanava ilə daha əvvəl qarşılaşmısınız?
– Bəli, rəqibim mənə yad deyildi. Onunla daha əvvəl də müxtəlif turnirlərdə qarşılaşmış, hər birində qalib gəlmişdim. Final görüşü kifayət qədər gərgin keçdi. Amma məşqçilərimin tapşırıqlarına əməl etməyə çalışdım və sonda qələbə qazana bildim.
– Azərbaycanda qadın güləşi deyəndə ilk olaraq Mariya Stadnik yada düşür. Özünüz üçün nümunə hesab etdiyiniz idmançı varmı?
– Mən hər zaman öz tariximi yazmaq istəyirəm. Əlbəttə, Mariya Stadnik böyük nailiyyətlər əldə edib və Azərbaycan güləşinin əfsanələrindən biridir. Amma mənim üçün ən böyük nümunə bacımdır. O həm bacım, həm də məşqçimdir və mənə hər zaman dəstək olur.
– U-23 yaş kateqoriyasında artıq sözünüzü demisiniz. Böyüklər arasında yarışlara hazır olduğunuzu düşünürsünüz?
– İnşallah, bundan sonra böyüklər arasında da yaxşı nəticələr qazanmaq istəyirəm. Bizim üçün ən önəmlisi məşqçilərin tapşırıqlarıdır. Onlar necə məsləhət görürsə, biz də ona uyğun hazırlaşırıq. Hər şey məşq prosesindən və düzgün hazırlıqdan asılıdır.
– Sizcə, daha çox qızın güləşlə məşğul olması üçün nə etmək lazımdır?
– Əgər insanın ürəyində istək və həvəs varsa, hər şey mümkündür. Əsas odur ki, insan öz qarşısına qoyduğu hədəfə doğru inamla irəliləsin və başqalarının sözlərinə çox da fikir verməsin.
– Olimpiya medalını özünüz üçün nə dərəcədə real hesab edirsiniz?
– Məncə, bu, kifayət qədər realdır. Hətta deyərdim ki, 95 faiz ehtimalla Olimpiya medalına sahib çıxa bilərəm. Özümə inanıram və görürəm ki, yaxşı nəticə əldə etmək mümkündür. Məşqçilərimiz də bizim səviyyəmizi görür və bizə inanırlar. Mənimlə yanaşı, Ruzanna Məmmədova da böyük potensiala malikdir. Hamımızın əsas məqsədi Olimpiadaya lisenziya qazanmaq və ölkəmizə medal gətirməkdir. Bunun üçün çox çalışırıq.
