Azərbaycanın veteran güləşçisi Taleh Məmmədov U-15 ölkə çempionatının Qazax şəhərində keçirilməsinin güləşin bölgələrdə inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
İdman.Biz xəbər verir ki, o, Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında bu cür yarışların rayonlarda təşkilinin gənc idmançıların güləşə cəlb olunmasına və onların bu idman növünə marağının artmasına böyük töhfə verəcəyini söyləyib.
T.Məmmədov qeyd edib ki, əsas məqsədlərdən biri də bölgələrdə yaşayan uşaqların idmana daha çox cəlb olunması və yeni istedadların üzə çıxarılmasıdır:
“15 yaş qrupu elə bir kateqoriyadır ki, bu yaşda olan idmançılar üçün ölkə xaricində keçirilən beynəlxalq yarışların sayı çox olmur. Bu səbəbdən əvvəlki illərdə bəzi gənc güləşçilər ölkə yarışlarından birbaşa Avropa çempionatına qatılarkən müəyyən çətinliklərlə üzləşirdilər. Məhz buna görə yarışın federasiya tərəfindən təşkil olunması çox düzgün və mühüm addımdır. Uşaqlar bu yarışda təcrübə toplayırlar. Daha sonra Avropa çempionatında yarış ab-havasına alışmış olurlar və daha az həyəcan keçirirlər”.
Taleh Məmmədovun sözlərinə görə, U-15 ölkə çempionatının keçirilməsi bir daha göstərir ki, ölkəmizdə güləş yarışlarının təşkili ildən-ilə inkişaf edir və təşkilati baxımdan Avropa və dünya çempionatlarının səviyyəsinə yaxınlaşdırılır. Bu isə Azərbaycan güləşinin gələcəyi üçün mühüm əhəmiyyət daşıyır.
