Nihat Quluzadə: “Millidə 1 nömrə olmağı qarşıma məqsəd qoymuşam”

22 Dekabr 2023 09:12
954
Nihat Quluzadə: “Millidə 1 nömrə olmağı qarşıma məqsəd qoymuşam”

“Bütün görüşlərim çətin keçdi. Buna baxmayaraq, çəkdiyim əziyyətin bəhrəsini gördüm”.

Bunu İdman.bizə yunan-Roma güləş üzrə Azərbaycan çempionatının qalibi Nihat Quluzadə (60 kq) deyib.

Finalda Ziyad Zeynalovu məğlub edən 21 yaşlı güləşçi çəki dərəcəsində ciddi rəqabətin olduğunu bildirib: “1/4 finalda Sakit Quliyevə 0:7 hesabı ilə uduzduğum görüşdə geridönüş edərək 8:7 hesabı ilə qalib gəlməyi bacardım. Finaldakı rəqibim Ziyad Zeynalov çəkisini yenicə dəyişib. O, mənə çətinlik yaratdı. Fikrimcə, heç bir rəqibə yuxarıdan aşağı baxmaq olmaz. Hamısını 1 nömrə kimi görürdüm. Şükürlər olsun ki, hamısını məğlub etdim”.

Bakıda keçirilən hərbçilərin dünya çempionatında da qızıl medal qazanan pəhləvanın sözlərinə görə, hədəfləri böyükdür: “Qarşıda məni Bakıda keçiriləcək 23 yaşadək güləşçilər arasında dünya çempionatı gözləyir. Mundiala hazırlaşacam. Çalışacam ki, vətənimizdə himnimizi səsləndirib, bayrağımızı dalğalandırım. Həmçinin milli komandada 1 nömrə olmağı qarşıma məqsəd qoymuşam”.

Qeyd edək ki, 60 kq çəki dərəcəsində bürünc medalları Sakit Quliyev və İlkin Qurbanov qazanıb.

Emin Ağa
İdman.biz