Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında Ukraynanın yunan-Roma güləşi millisinin üzvü Pərviz Nəsibov yarımfinala yüksələ bilməyib.
İdman.Biz xəbər verir ki, ikiqat Olimpiya mükafatçısı bürünc medal uğrunda mübarizəni davam etdirəcək.
72 kq çəki dərəcəsində çıxış edən Nəsibov 1/4 finalda macarıstanlı Kristian Vantsaya 0:3 hesabı ilə məğlub olub.
Bunadək Azərbaycan əsilli güləşçi 1/8 finalda Ermənistan təmsilçisi Aşot Xaçatryanı 9:0 hesabı ilə üstələyib.
Onun 1/4 finaldakı rəqibi Vantsa finala yüksəldiyi üçün Nəsibov bürünc medal uğrunda mübarizə aparacaq. Pərviz Nəsibovun bu yolda rəqibi Çili təmsilçisi Nestor Almanza Truy olacaq.
Qeyd edək ki, Pərviz Nəsibov 1998-ci il avqustun 18-də Azərbaycanın Ağstafa rayonunun Muğanlı kəndində anadan olub. Altı yaşına qədər doğma kəndində yaşayan idmançı güləşlə məşğul olmağa da burada başlayıb. O, əvvəlcə sərbəst güləşlə məşğul olub.
2004-cü ildə ailəsi ilə birlikdə Ukraynanın Nikolayev şəhərinə köçən Nəsibov burada yunan-Roma güləşinə üstünlük verib və idman karyerasını bu ölkədə davam etdirib.
2017-ci ildə Almaniyanın Dortmund şəhərində keçirilən gənclər arasında Avropa çempionatında qızıl medal qazanan güləşçi 2018-ci ildə gənclərin dünya çempionatının bürünc mükafatçısı olub.
Nəsibovun karyerasındakı ən böyük uğurları isə Olimpiya Oyunları ilə bağlıdır. O, Tokio-2020 və Paris-2024 Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.
