Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında beşinci qızıl medalını qazanan Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli jurnalistlərin suallarını cavablandırıb.
İdman.Biz xəbər verir ki, 35 yaşlı idmançı bu nailiyyətin arxasında uzun illərin zəhmətinin dayandığını bildirib.
“Beş dəfə dünya çempionu olmaq dildə asandır. Artıq 27-28 ildir ki, güləşlə məşğulam. Hamıdan çox özüm istəyirdim ki, yenidən dünya çempionu olum. Ötən il qazandığım bürünc medal məni qane etmirdi. Buna görə bir il gecə-gündüz çalışdıq, əziyyət çəkdik. Allah da istəyimizi gerçəkləşdirdi. 35 yaşımda beşinci dəfə dünya çempionu oldum”, - deyə Əzizli vurğulayıb.
Təcrübəli güləşçi çempionluğa gedən yolda ən ciddi sınaqlarla yarımfinal və final mərhələlərində üzləşdiyini söyləyib. Onun sözlərinə görə, həmin rəqiblərin mübarizə üsulları hələ Bakıda məşqlər zamanı ətraflı araşdırılıb. Hər iki qarşılaşmada əvvəlcədən müəyyənləşdirilən taktiki plana əməl olunub.
Əzizli finala çıxarkən özünə güvəndiyini, ilk xalı qazandıqdan sonra isə qələbəyə inamının daha da möhkəmləndiyini qeyd edib.
Beşinci dünya çempionluğunun ardından mükafatlandırma mərasimində yaşadığı duyğulardan danışan idmançı Azərbaycanın Dövlət Himnini dinləyərkən keçmişini xatırladığını bildirib.
“Bu hissləri sözlə ifad etmək çox çətindir. Arzu edirəm ki, bütün Azərbaycan gəncləri və güləşsevərlər belə anları yaşasınlar. Rayondan Bakıya gəlməyim, məşqlərim, qarşılaşdığım çətinliklər, məğlubiyyətlər və sonda beşinci dünya çempionluğum bir anda gözlərimin önündən keçdi”, - deyə o əlavə edib.
Güləşçi idmançı karyerasını davam etdirib-etdirməyəcəyi barədə hələ yekun qərar vermədiyini də açıqlayıb. Əzizli şəxsi məşqçisi və federasiya rəhbərliyi ilə məsləhətləşdikdən sonra yaxın vaxtlarda gələcək planlarını ictimaiyyətə bildirəcəyini söyləyib.
Xatırladaq ki, Eldəniz Əzizli dünya çempionatının 55 kq çəki dərəcəsində keçirilən final görüşündə İran təmsilçisi Pəyam Əhmədini 3:1 hesabı ilə məğlub edərək beşinci dəfə dünya çempionu adını qazanıb.
