Azərbaycan çempionu: “Özümü tam sübut etdiyimi deyə bilmərəm”

Müsahibə
21 Dekabr 2023 22:36
286
Azərbaycan çempionu: “Özümü tam sübut etdiyimi deyə bilmərəm”

“Azərbaycan çempionatı öncəsi təlim-məşq toplanışlarında yarışa yaxşı hazırlaşmışdım”.

Bunu İdman.bizə yunan-Roma güləş üzrə Azərbaycan çempionatının qalibi olan Ziya Babaşov deyib.

63 kq çəkidə ölkənin ən güclüsü adını qazanan pəhləvan çıxışını dəyərləndirib. Onun sözlərinə görə, özünü hələ tam sübut etməyib: “Rəqiblərimin asan olduğunu deyə bilmərəm. Final görüşüm çətin keçdi. Çünki məsuliyyət böyük idi. Müəyyən səhvlərim oldu. Amma bunlar üzərində işləyib, bir daha təkrarlamamağa çalışacam. Azərbaycan çempionu olmaqla, özümü tam sübut etdiyimi deyə bilmərəm. Əsas məşqçilərin fikridir”.

O, hərbçilər arasında dünya çempionu olmaqla ilin əvvəlindəki uğursuzluğu sığortaladını da deyib: “2023-cü ilin başlanğıcında Avropa və dünya çempionatında məğlub oldum. Çox məyus idim. Bakıda hərbçilərin dünya çempionatında finalda rusiyalı Avropa və dünya çempionu, Tokio-2020-nin bürünc mükafatçısı Sergey Yemelinə qalib gəldim. Bu, az da olsa, mənə stimul oldu. Gələcək üçün əsas məqsədim böyüklər arasında Avropa və dünya çempionatında nəticə qazanmaqdır”.

Qeyd edək ki, Babaşov Azərbaycan çempionatının finalında Nihat Məmmədliyə qalib gəlib.

Emin Ağa
İdman.biz