Buenos-Ayresdə, "Monumental Antonio Vespuçio Liberti" stadionunda Argentina və Ekvador yığmaları arasında Cənubi Amerikada 2026-cı il dünya çempionatının seçmə turnirinin 1-ci turunun oyunu başa çatıb. İdman.biz xəbər verir ki, hazırkı dünya çempionları 1:0 hesabı ilə qalib gəlib. Meydan sahiblərinin yeganə qolu 78-ci dəqiqədə "İnter Mayami"nin hücumçusu Lionel Messi vurub.
Ciudad del Este şəhərindəki "Antonio Aranda" stadionunda 2026-cı il futbol üzrə dünya çempionatının seçmə turnirinin ilk oyunu keçirilib. Cənubi Amerikada seçmə mərhələsi çərçivəsində Paraqvay millisi evdə Peru ilə heç-heçə edib - 0:0. İlk hissənin sonunda qonaq komandanın futbolçusu Luis Advinkula iki sarı vərəqə alaraq meydandan qovulub.
Barranquilla şəhərində, "Metropolitano Roberto Melendez" stadionunda Cənubi Amerikada 2026-cı il dünya çempionatının seçmə turnirinin 1-ci turunun oyunu başa çatıb. Kolumbiya millisi evdə Venesuelanı 1:0 hesabı ilə məğlub edib. Yeganə qolu 46-cı dəqiqədə "Verder"in hücumçusu Rafael Santos Borre vurub. O, 2026-cı il Dünya Çempionatının seçmə mərhələsində ilk qolunu vurub, çünki bundan əvvəl Paraqvay və Peru matçı qolsuz bərabərliklə başa çatıb.
Cənubi Amerikadakı seçmə turnirdə iki turda bir-biri ilə oynayacaq 10 komanda iştirak edir. Birincidən altıncı yerə qədər olan komandalar final turnirinə vəsiqə qazanırlar. İlk iki tur 2023-cü ilin sentyabrında baş tutacaq və turnir 2025-ci ilin sentyabrında başa çatacaq.
Yeddinci yeri tutan komanda qitələrarası pley-offda mübarizə aparacaq. Burada həmçinin CONCACAF zonasından iki, Asiya, Afrika və Okeaniyadan isə bir komanda iştirak edəcək. Onlar dünya çempionatına son iki vəsiqə üçün oynayacaqlar.
2026-cı ildə dünya çempionatı ABŞ, Meksika və Kanadada keçiriləcək. Tarixdə ilk dəfə olaraq turnirdə 48 komanda çıxış edəcək.
İdman.biz