Ramuşun “Milan”a transferinin dəyəri 86 milyon avroya çata bilər

12 Noyabr 2026 22:03
29
Ramuşun “Milan”a transferinin dəyəri 86 milyon avroya çata bilər

“Milan”ın PSJ-dən transfer etdiyi Qonsalu Ramuş üçün ödəyəcəyi məbləğ bonuslarla birlikdə 86 milyon avroya çata bilər.

İdman.Biz xəbər verir ki, portuqaliyalı hücumçunun transferinin sabit məbləği 70 milyon avrodur. Bu vəsait 2026-2029-cu illərdə hər il iyulun 15-də olmaqla, dörd bərabər hissədə - 17,5 milyon avro şəklində ödəniləcək.

Əlavə xərclər nəzərə alınmaqla transferin ilkin uçot dəyəri 73,1 milyon avro təşkil edib. Ramuşla beşillik müqavilə imzalandığı üçün transfer xərci klubun maliyyə hesabatlarında hər il 14,62 milyon avro olmaqla bölünəcək.

Anlaşmada ümumilikdə 16 milyon avroluq bonus nəzərdə tutulub. “Milan”ın İtaliya çempionu olması və Ramuşun A Seriyasının bombardiri adını qazanması üçün ayrı-ayrılıqda iki milyon avro ödəniləcək.

Çempionlar Liqasına vəsiqə üçün 1,2 milyon avro, turnirin 1/4 finalına, yarımfinalına və finalına yüksəlmək, eləcə də kuboku qazanmaq üçün isə hər biri bir milyon avro məbləğində əlavə ödəniş müəyyənləşdirilib.

Bonuslar toplana bilər, lakin onların ödənilməsi futbolçunun mövsüm ərzində rəsmi oyunların ən azı 60 faizində iştirak üçün hazır olması şərtinə bağlıdır. Ramuş matçların ən azı yarısını buraxarsa, A Seriyasının bombardiri mükafatı istisna olmaqla, bonuslar ödənilməyəcək.

İdman.Biz