Vernidubun futbolçusuna gözlənilməz sınağı: özü istirahət təklif etdi, özü qınadı

12 Noyabr 2026 20:48
36
Vernidubun futbolçusuna gözlənilməz sınağı: özü istirahət təklif etdi, özü qınadı

“Krivbass”ın sabiq futbolçusu Yuri Vakulko hazırda “Neftçi”yə rəhbərlik edən Yuri Vernidubla işindən və Ukrayna klubundan ayrılmasından danışıb.

İdman.Biz xəbər verir ki, hazırda Qazaxıstanın “Ordabası” klubunda çıxış edən futbolçu “Ukrayinski futbol” nəşrinə müsahibəsində keçmiş baş məşqçisinin onu necə sınağa çəkdiyini xatırlayıb:

“Maraqlı hadisə olmuşdu. Bir neçə oyun ərzində mənə mane olan yüngül zədəm var idi. Yuri Nikolayeviç özü yaxınlaşıb sağalmağım üçün bir oyunu buraxmağı təklif etdi. Mən də razılaşdım. Həmin matçda uduzduq. Oyundan sonra Vernidub paltardəyişmə otağında kimin əsl kişi olduğunu, kimin isə xırda şeylərə görə oyunları buraxdığını gördüyünü dedi”.

Vakulko həmin görüşü buraxan yeganə futbolçu olduğunu qeyd edərək söhbətin davamını da açıqlayıb:

“Vernidub telefonunda başı sarğılı, ayaqları qan içində olan futbolçuların şəkillərini göstərdi. Ona dedim ki, axı fasilə verməyi özünüz təklif etmişdiniz. O isə bunun bir sınaq olduğunu və məndən başqa cavab gözlədiyini bildirdi. Bu, mənim üçün yaxşı dərs oldu”.

Futbolçu “Krivbass”dan ayrılığın da qəribə şəraitdə baş verdiyini bildirib. Onun sözlərinə görə, mövsümün bitməsinə beş-altı tur qalmış bir çox oyunçu gedəcəyini bilirdi. Lakin avrokuboklara vəsiqənin taleyini həll edən “Polesye” ilə son matça iki gün qalmış əsas heyətin yeddi-səkkiz üzvünə müqavilələrinin uzadılmayacağı bildirilib.

Vakulko özü də daha təhlükəsiz şəhərdə yaşamaq və xaricdəki ailəsinə qovuşmaq üçün klubda qalmağı planlaşdırmayıb.

Qazaxıstandakı karyerasına toxunan yarımmüdafiəçi yayda “Astana”ya keçməyə yaxın olduğunu deyib. “Ordabası” son anda müqaviləni uzatmağı təklif edib. Komandada qalmasında kapitan Sergey Malıyın da mühüm rolu olub.

Bu qərarın ardınca Vakulko “Ordabası” ilə ölkə çempionluğunu və kubokunu qazanıb. Bununla belə, kubokun finalında ehtiyatda qalmasının səbəbini bilmədiyini söyləyib. Bütün əvəzetmələrdən sonra baş məşqçi ona şans vermədiyinə görə üzr istəyib.

Yarımmüdafiəçi bonuslar hesabına Qazaxıstandakı qazancının artdığını da qeyd edib. Onun növbəti hədəfi avrokubokların əsas mərhələsində oynamaqdır.

İdman.Biz