UEFA Fransa Futbol Federasiyasını Millətlər Liqasında Belçika ilə keçirilən oyunda forma qaydalarının pozulmasına görə 10 min avro (təxminən 18 600 manat) məbləğində cərimələyib.
İdman.Biz “Lequipe” nəşrinə istinadla xəbər verir ki, sentyabrın 28-də baş tutan və Fransa millisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşan qarşılaşmanın startı bir neçə dəqiqə gecikib.
Buna səbəb Fransa futbolçularının corablarına yapışdırılan lentlərin rənginin tələblərə uyğun olmaması olub. Matçın təşkilatçıları futbolçulardan ləvazimatlarında düzəliş etməyi tələb ediblər.
UEFA hadisəni Millətlər Liqasının reqlamentinin 6.07-ci bəndinin pozulması kimi qiymətləndirib. Həmin bənd milli federasiyaların oyun formaları ilə bağlı məlumatları əvvəlcədən UEFA-ya təqdim etməsini nəzərdə tutur.
