“Sabah” futbol klubunun baş icraçı direktoru Ramin Həsənov beynəlxalq futbol mükafatına namizədlər arasına daxil edilib.
İdman.Biz xəbər verir ki, o, Böyük Britaniyanın futbol transferləri üzrə ixtisaslaşmış “TransferRoom” platformasının təsis etdiyi “TransferRoom 10K Awards” mükafatının “İlin rəhbəri” (Leader of the Year) nominasiyasında mübarizə aparacaq.
Bu kateqoriyada ümumilikdə 10 namizəd yer alıb. Ramin Həsənovla yanaşı, “Bornmut”un futbol əməliyyatları üzrə prezidenti Tiaqo Pinto, “Arsenal”ın idman direktoru Andrea Berta, “Lans”ın idman direktoru Jan-Lui Leka, “Komo”nun idman direktoru Karlalberto Ludi və “Flamenqo”nun futbol direktoru Joze Boto da namizədlər sırasındadır.
Qaliblər futbol sənayesinin nümayəndələrinin səsverməsi əsasında müəyyənləşdiriləcək.
Qeyd edək ki, “TransferRoom 10K Awards” mükafatı beş nominasiya üzrə təqdim olunur. “İlin rəhbəri” ilə yanaşı, “İlin agentliyi”, “İlin icarə idarəetmə komandası”, “İlin skautinq komandası” və “TransferRoom intellekt və innovasiya mükafatı” kateqoriyalarında da qaliblər seçiləcək.
Mükafatlandırma mərasimi bu gün Portuqaliyanın Estoril şəhərində keçiriləcək. Tədbirin Bakı vaxtı ilə saat 22:30-23:00 aralığında baş tutması nəzərdə tutulub.
