İspaniya millisinin, “Real Madrid”in sabiq qapıçısı İker Kasilyas oğullarını klubun akademiyasından çıxarıb.
İdman.Biz xəbər verir ki, bu barədə İspaniyanın AS nəşri məlumat yayıb.
Məlumata görə, 12 yaşlı Martin və 10 yaşlı Lukas iki mövsüm çıxış etdikləri “La Fabrika” akademiyasını tərk ediblər. Hər iki uşaq qapıçı mövqeyində oynayır.
Bildirilir ki, Martin son vaxtlar yaş qrupunun əsas heyətinə daxil edilməyib. Bundan başqa, o, ABŞ-nin Orlando şəhərində keçirilən turnirə də aparılmayıb. Nəticədə Kasilyas oğullarının akademiyadan ayrılması barədə qərar verib.
Nəşrin məlumatına görə, bu addımın yalnız idman səbəbləri ilə bağlı olduğu bildirilir. “Real” rəhbərliyi də sabiq qapıçının oğullarının akademiyadan ayrılmasından xəbərdardır.
İker Kasilyas 1999-2015-ci illərdə “Real”ın formasını geyinib. O, Madrid klubunda 725 oyun keçirib və qapısında 751 qol görüb. İspaniyalı qolkiper bu müddətdə 5 dəfə ölkə çempionu, 3 dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub. Həmçinin iki dəfə UEFA Superkubokunu qazanıb.
